Akademik Fuad Qasımzadə vəfat edib
Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikamızın tanınmış alimi, fəlsəfə elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, BDU-nun kafedra müdiri, professor Fuad Feyzulla oğlu Qasımzadə 2010-cu il avqustun 3-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Fuad Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır. Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlamışdır. O, 1955-1967-ci illərdə burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1966-cı ildən ömrünün sonunadək kafedra müdiri olmuşdur. Pedaqoji işlə yanaşı o, 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifəsini tutmuşdur.
Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
500-dən çox elmi əsərin, 15 kitabın müəllifi olan F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Fuad Feyzulla oğlu Qasımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!