“Çin dili körpüsü” adlı müsabiqənin qalibləri müəyyənləşib

12/05/2018

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhuanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Əvvəlcə qonaqlarla görüşən rektor, akademik Abel Məhərrəmov Çin-Azərbaycan əlaqələrinin, həmçinin təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən bəhs edib. Rektor BDU-da uzun illərdir ki, şərq dillərinin, o cümlədən çin dilinin tədris olunduğunu, universitetin nəzdində Konfutsi İnstitutunun və Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin səmərəli fəaliyyət göstərdiyini bildirib. Çin universitetləri ilə əlaqələrin genişləndiyini söyləyən rektor səfirliyin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib.
Səfir Vey Cinhua öz növbəsində bu ali təhsil ocağında yenidən olmasından məmnunluğunu ifadə edib. Ölkəmizdə işlədiyi iki il ərzində çin dilində danışan insanların sayının daha da artdığının şahidi olduğunu bildirən səfir V.Cinhua, universitetin nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətinə göstərilən dəstəyə görə təşəkkür edib, universitetlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Daha sonra universitetin Böyük akt zalında XVII ümumdünya “Çin dili körpüsü” müsabiqəsininAzərbaycan üzrə dördüncü - final mərhələsi keçirilib. BDU-nun rektor müşaviri, professor İsmayıl Əliyev Azərbaycanda 4-cü, dünyada 17-ci dəfədir ki təşkil olunan “Çin dili körpüsü” müsabiqəsinin gənclər arasında bu dilə olan marağı artırmağa xidmət etdiyini söyləyib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Çıxış edən səfir Vey Cinhua budəfəki müsabiqənin “Bütün insanlar bir ailədir” adı altında keçirilməsinin önəmindən danışıb, mövzunun adının Çin və Azərbaycan xalqlarının qarşılıqlı tərəfdaş olaraq daim bir yerdə olmalarını ifadə etdiyini, Qədim İpək Yolunun xalqlarımızın sıx əlaqə qurmalarına səbəb olduğunu, Yeni İpək Yolunun əlaqələrin daha da intensivləşməsinə təkan verdiyini deyib. Müsabiqənin mədəniyyətlərarası ünsiyyətin inkişafına kömək etdiyini qeyd edən səfir bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra müsabiqə keçirilib və qaliblər müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri – Sona Əhmədli 1-ci, Afət Məmmədova 2-ci, Bakı Dövlət Universitetinin tələbəsi Tuqay Bağırov 3-cü yerə layiq görülüblər. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən qalib Çində keçiriləcək 17-ci ümumdünya “Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək.

Mətbuat və informasiya şöbəsi, 12 may 2018-ci il.

 

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024