Bakı Dövlət Universiteti ilə Təbriz Universiteti arasında “Əməkdaşlıq Haqqında Memorandum” imzalanıb
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Təbriz Universitetinin 70 illik yubileyində iştirak edib. Tədbirdə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, son illər İran ilə Azərbaycan arasındakı münasibətlər bütün istiqamətlər, o cümlədən təhsil sahəsində də inkişaf edir. BDU Təbriz Universiteti ilə yanaşı, Tehran Universiteti ilə də sıx əməkdaşlıq əlaqələri yaradıb. Birgə proqramlar və qrantlar üzrə qarşılıqlı əlaqələr davam etdirilir, eləcə də tələbə mübadiləsi həyata keçirilir. Bunlarla yanaşı, doktorantlara birgə elmi rəhbərlik edilir.
Təbriz Universiteti də 70 illik fəaliyyətinin hesabatını bu gün verir və tarixə nəzər saldıqda böyük uğurların əldə edildiyinin şahidi oluruq.
Rektor diqqətə çatdırıb ki, yeni elmi layihələr həyata keçirilərək birgə tədqiqatlar aparılır. Nanotexnologiyalar, ekologiya, molekulyar biologiya və başqa sahələrdə birgə layihələr üzrə elmi tədqiqat işləri davam etdirilir. Humanitar sahədə qarşılıqlı əməkdaşlığa toxunan Abel Məhərrəmov qeyd edib ki, uzun illərdir BDU-da fars dili və ədəbiyyatı üzrə böyük elmi məktəb yaradılıb. Elm sahəsində əməkdaşlıq xalqlarımızın tərəqqisinin əsasını yaradaraq onun inkişafına stimul verir. Cəmiyyətin inkişafında və yeni nəslin yetişməsində universitetlər mühüm rol oynayırlar. Qarşılıqlı əlaqələrin daim irəliləməsi ali məktəblərdə tədrisin və təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Bu baxımdan Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsində dünyanın bir çox ölkələrinin, o cümlədən İranın ali təhsil məktəbləri ilə əlaqələrini intensivləşdirmək və daha da inkişaf etdirmək niyyətindədir.
Çıxışının sonunda rektor Abel Məhərrəmov Təbriz Universitetinin professor-müəllim heyətinə işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU rektoru akademik Abel Məhərrəmov və Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi “Əməkdaşlıq Haqqında Memorandum” imzalayıblar.
Tədbirdən sonra isə rektor Məhəmmədrza Purməhəmmədi rektor, akademik Abel Məhərrəmova Təbriz Universitetinin 70 illik yubileyi və VIII əsrdə Təbrizdə ali təhsil mövzusunda keçirilən mərasimdə iştirakına və çıxışına görə təşəkkür məktubu ünvanlayıb.
Xatırladaq ki, yubiley tədbirində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovla yanaşı, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
Qeyd edək ki, Təbriz Universiteti 1947-ci ildə təsis olunub. Təbriz Universiteti 22 fakültədən ibarətdir və burada 800 elmi heyət və 24 mindən çox tələbə fəaliyyət göstərir.
Mətbuat və informasiya şöbəsi, 30 avqust 2018-ci il