Bakı Dövlət Universitetində qış imtahan sessiyası uğurla davam edir

17/01/2022

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Ənənəvi formada davam edən imtahanlarda şəffaflıq və obyektivlik tam təmin olunub.

Qış imtahan sessiyasının gedişi barədə BDU-nun müəllimlərinin fikirlərini öyrəndik:

Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov: “BDU-da post-pandemiya dövründə ənənəvi təhsilin bərpası, onun nəticələrinin qiymətləndirilməsi formalarında da özünü göstərəcəyini proqnozlaşdırmaq olardı. BDU Elmi Şurasının 2021-ci ilin dekabr ayında keçirilən iclasında imtahan sessiyasının keçirilməsi formaları haqqında qərar qəbul edilmişdir. BDU-nun rektorluğu imtahan sessiyasının yazılı və ya şifahi formada ədalətli, şəffaf keçirilməsi və tələbəmərkəzli təlimin prinsiplərinə uyğun  təşkil olunmasına dair qərarı artıq yanvar ayının 5-dən icra olunur.

İmtahan sessiyasına hazırlıq əslində semestrin əvvəlindən başlamışdır desək, səhv etmərik. BDU-da dərs cədvəllərinin hazırlanması və təsdiqi ilə başlayan bu proses onlayn mühazirə və ənənəvi qaydada məşğələ dərslərinin təşkili,  fərdi iş və  kollekviumların vaxtında və xüsusi qrafik üzrə götürülməsi, bütövlükdə dərs jurnallarının normativlərə uyğun işlənməsi, semestr ərzində ənənəvi təhsilin atributlarının tətbiq edilməsi prosesi rektorluğun nəzarəti altında uğurla həyata keçirilib. Bütün bunlar, tələbələrin imtahan sessiyasına hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmışdır. Fikrimizi kurslar üzrə keçirilən imtahanların nəticəsi bir daha sübut edir. İşin ümumi ahəngi göstərir ki, BDU-da imtahan sessisyası uğurlu təşkil olunub”.

Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov: “Son dövrlərdə qlobal miqyasda yayılan pandemiya bizi müasir dünyada sürətlə baş verən dəyişikliklərin yeni reallıqları ilə üz-üzə qoydu. Bu isə, həyatımızı, o cümlədən hər zaman bütün ictimai proses və dəyişikliklərin önündə gedən təhsilin yeni şəraitə, tələblərə uyğun surətdə qurulması zərurətini gündəmə gətirdi. Onlayn dərslər zamanı müxtəlif fənlər üzrə mühazirə və məşğələlərin yeni texnoloji tələblərə cavab verən tematik-təqvim planı üzrə məqsədyönlü şəkildə ardıcıl və sistematik təşkili, tələbələrin yeni öyrədici mühitə maraq və məsuliyyətinin artırılması üçün ən optimal metodların tətbiqini zərurətə çevirdi. Belə hesab edirəm ki, BDU-nun müəllimləri bu işin öhdəsindən uğurla gələ bildilər. İmtahan sessiyası hələ təzə başlayıb, lakin təhsilin distant şəkildə təşkil olunduğu 3 semestrdən sonra ənənəvi imtahanda tələbələrin yaradıcı, tənqidi və məntiqi təfəkkürə əsaslanaraq yüksək nəticələr əldə edə bilmələri belə düşünməyə əsas verir. Tələbələrin imtahan prosesində suallara konkret faktoloji materiallar, o cümlədən analiz, sintez, müqayisə, ümumiləşdirmə,  qismən və tam təcridi sistemləşdirmə, abstraksiya, təsnifatlaşdırma kimi zəruri məntiqi əməliyyatlardan yetərincə faydalana bilmələri distant təhsil zamanı öyrədən və öyrənən tərəflərin işə ciddi, peşəkar və yüksək məsuliyyətlə yanaşmasını bir daha təsdiq edir. Tələbələr imtahan suallarını cavablandırarkən problemə səbəb-nəticə əlaqələrinə istinadən elmi-analitik yanaşma, o cümlədən fikrini hadisə və prosesləri təhlil edərək əsaslandıra bilmələri ilə diqqəti cəlb edirlər. Bu isə, tələbələrin dərin biliklərə malik olduqlarını əyani şəkildə təsdiq edir”.

Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev: “İlk olaraq onu qeyd etmək istərdim ki, imtahan sessiyası çox yüksək səviyyədə təşkil edilib. Koordinator müəllimlər də imtahanların daha yaxşı keçirilməsində əllərindən gələni edirlər. Tələbələrin aktivliyi hiss olunur. Eləcə də Tədrisin təşkili və idarə olunması Mərkəzi tərəfindən də imtahan prosesinə ciddi nəzarət olunur. Təbii ki, ənənəvi təhsilə dönüş hamıdan əvvəl biz müəllimləri sevindirir. Çünki pandemiya səbəbindən təxminən üç semestr ənənəvi tədrisdən uzaq qalmışdıq. Düzdür, distant formada olsa da, təhsil davam etdirilmişdir. Sevindirici haldır ki, 2021-2022-ci tədris ilində ənənəvi formada tədrisə başladıq. Ümid edirik ki, bir daha onlayn təhsilə geri dönmək məcburiyyətində qalmarıq. Daha bir məqama toxunmaq istərdim. Bildiyiniz kimi, dil fənlərinin imtahanı bu sessiyada şifahi formada aparılır. Bu, müəllim-tələbə arasında imtahan zamanı ünsiyyətə daha yaxından imkan verir. Çünki yazılı imtahanda ola bilər hətta əlaçı tələbə 80-90 sual arasından 4-5 sualı öyrənə bilməsin və imtahanda da təsadüfən həmin suallar düşsün. Şifahi imtahanda isə belə bir hal yaşansa belə, onu digər suallarla kompensasiya etmək imkanı olur. Hər halda müəllim ən azından 1 semestr tələbələrlə ünsiyyətdə olarkən hansı tələbənin hansı səviyyəyə malik olduğunu bilir. Sonda qış imtahan sessiyasında bütün tələbələrimizə müvəffəqiyyətlər arzu edirəm”.

Filologiya fakültəsinin müəllimi Pərvin Eyvazov: “Pandemiya tədrisin təşkilində yeni bir mərhələyə yol açdı və bu müddətdə təhsil subyektlərini düşündürən bir çox vacib məsələlər gündəmə gəldi, müzakirə olundu. Demək olmaz ki, pandemiya tədris prosesinə ancaq mənfi təsir göstərdi. Bu dövr ərzində həm onlayn dərslərin, həm də imtahanların təşkilində xeyli təcrübə qazanıldı. Hesab edirəm ki, bu təcrübədən bundan sonra da faydalanmaq, yeri gəldikcə tədris prosesində bunlardan yararlanmaq olar. Əgər epidimioloji vəziyyət daha da yaxşı olarsa, növbəti semestr tədrisin tam şəkildə əyani olmasını həyata keçirmək olar. Buna rəğmən, distant tədrisin təcrübəsindən də tamamilə uzaqlaşmaq olmaz. Bu il ənənəvi tədrisə qayıdışı müəllimlər və tələbələr müsbət qarşıladı və bu proses indi də uğurla davam edir. Nəzərə alsaq ki, Universitet tədrisin təşkilində hibrid formadan istifadə etdi, özü də proses yeni elektron tədris platforması –  BLACKBOARD üzərindən həyata keçirildi, bu müddətdə müəllimlər də, tələbələr də böyük iradə nümayiş etdirdi. İmtahanların mövcud şəraitə və sanitar-epidimioloji tələblərə uyğun təşkilini, imtahan prosesinin operativ və şəffaf idarə olunmasını da xüsusilə qeyd etmək lazımdır. Həmçinin semestr imtahanlarının təşkili ilə bağlı bəzi qərarlar yüksək təşəbbüs kimi qiymətləndirilə bilər. Məsələn, praktik fənlərdən (İşgüzar və akademik kommunikasiya), o cümlədən bəzi ixtisas fənlərindən imtahanların şifahi şəkildə təşkil olunmasını və hazırda da uğurla davam etdirilməsini qeyd etmək olar. Hesab edirəm ki, pandemiya bitdikdən sonra da bu ənənəni davam etdirmək olar. İmtahan Qərargahı tərəfindən qiymətindən razı qalmayan tələbələrin təklif və şikayətlərinin operativ cavablandırılması, onların yazı işlərinin təkrar yoxlanılmasının təşkil edilməsini də göstərmə k olar. Bu gün artıq bu proseslər operativlik və inam üzərində qurulur. Düşünürəm ki, bu amillər tədrisin təşkilində, o cümlədən biliyin qiymətləndirilməsində, tələbə-müəllim-universitet zəncirinin möhkəmlənməsində vacib faktordur”.

 

Müsahibəni hazırladı:
Nərminə Əsədova
Gülabə Məmmədzadə

 

 

 

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024