Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq universitetin öz məzunları üçün “BDU Xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə rektor Elçin Babayev açaraq 100 yaşlı Universitetin tarixinə nəzər salıb. Bildirib ki, 100 il bir zərrədir, zərrədən də kiçikdir. Amma onun ictimai-siyasi, elm-təhsil mühitinə verdiyi töhfədən danışırıqsa, 100 illik tarix kifayət qədər zəngin və əhəmiyyətli bir dövrdür. Müxtəlif formatlarda keçirilən yubiley tədbirləri haqqında məlumat verən rektor yekun tədbirin Prezident cənab İlham Əliyevin iştirakı ilə 26 noyabr tarixində qeyd edildiyini bildirərək dövlət başçısının yubiley tədbirində iştirakını Universitetin timsalında elmə, təhsilə böyük dəstək, xüsusi münasibət kimi qiymətləndirib.
Universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumundan və yekun olaraq məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün “BDU Məzun Assosiasiyası”nın yaradılmasından danışan rektor yubileylə əlaqədar kitabların nəşr olunduğunu, “Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının tələbələrin iştirakı ilə hazırlandığını, pul sikkələrinin və markaların buraxıldığını diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımağın şərəfli olduğunu vurğulayan rektor “100 ilin zirvəsində” adlı müsabiqədə qalib olanların əsasən Universitet məzunları olmasına da diqqət çəkib.
Müsabiqəyə təqdim edilmiş yazılar və xatirələr haqqında məlumat verən rektor yazıların Münsiflər heyəti tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra qaliblər elan edilib. KİV nümayəndələri arasında elan edilmiş “100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov “Bu universitet bir palıd ağacına oxşar ki...” adlı yazısına görə 1-ci yerə layiq görülüb. Real TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı “Mənim Universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli “Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” adlı yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Mənim doğma universitetim”, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Əsrin zirvəsində parlayan elm ocağı” və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu “Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” adlı yazılarına görə 3-cü yerin qalibi olublar.
Qaliblərə pul mükafatı və Universitetin xüsusi diplomları təqdim edilib.
Tədbirdə Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayev “İllərin tarixi” adlı radioverilişinə, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova “BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qəriman “Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslı “Müqəddəs məkanım mənim” adlı yazılarına görə pul mükafatına və Universitetin xüsusi diplomuna layiq görülüblər.
Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, “Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov “100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə “Qovuşacağımız günə az qaldı” yazılarına görə mükafatlandırılıblar.
Tədbirdə Universitet məzunları arasında elan edilmiş “BDU Xatirələrdə” müsabiqəsinin qalibləri də elan edilib. 1-ci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, 2-ci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Əmniyyət Müdürlüyü Güvənlik Şöbə Müdürlüyünün əməkdaşı İbrahim Karataş, 3-cü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.
Qaliblərdən bəzilərinin yazısı “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.
Çıxış edənlər qalibləri təbrik edib, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.