Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
 Bakı Dövlət Universitetində bu ali  təhsil müəssisəsinin 95 illik yubileyinə həsr olunan təntənəli tədbir  keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət  və hökumət rəsmiləri, Milli Məclisin deputatları, akademiklər, dünyanın  müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda  akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Əvvəlcə  tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm  tablosuna, BDU-nun 95 illiyi ilə bağlı sərgiyə və qrafik filmə baxıblar.
Təntənəli  mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli  Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər  Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir”  kəlamını xatırladıb. Universitetinin tarixindən, inkişaf  mərhələlərindən danışan rektor bildirib ki, XX əsrin əvvəllərində  qurulan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm  tədbirlərdən biri ölkədə dünyəvi ali məktəbin yaradılması olub. Bakı  Dövlət Universitetinin maddi-texniki bazasının və kadr potensialının  formalaşmasına Azərbaycan mesenatları da yaxından kömək göstəriblər.
Yarandığı  ilk illərdə tarix-filologiya, fizika-riyaziyyat və tibb sahələrini  əhatə edən BDU-nun əsas məqsədi Azərbaycanda maarifçiliyin, səhiyyənin  inkişaf etdirilməsi və bunun üçün yüksək səviyyəli kadr hazırlamaqdan  ibarət olub. Sonralar isə bütün fəaliyyəti dövründə bu ali məktəb xalqın  milli şüurunun yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar  olması, tolerantlığın, elm və təhsilin inkişafı, azərbaycançılıq  ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb. Universitetin kadr  potensialı və elmi bazası əsasında bir sıra digər ali təhsil  müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılıb. Bakı  Dövlət Universitetində bir çox dünya şöhrətli alimlər çalışıblar.
BDU-nun  inkişafında yeni keyfiyyət mərhələsinin Azərbaycan xalqının ümummilli  lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan akademik Abel  Məhərrəmov Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinə daim  xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd olunub ki, bu diqqət  və qayğı sayəsində universitet ötən əsrin 70-ci illərindən etibarən  özünün intibah dövrünə qədəm qoyub.
Ulu öndər Heydər  Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini vurğulayan rektor dövlətimizin başçısının  elm, təhsil sahəsi ilə bağlı təşəbbüslərindən və imzaladığı sənədlərin  əhəmiyyətindən söz açıb. Bildirilib ki, inkişafının yeni mərhələsini  yaşayan BDU-da məhz Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son  beş ildə ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni  tədris binası, idman kompleksi, 800 əməkdaş üçün üç müasir yaşayış  kompleksi, tədris-təcrübə və istirahət mərkəzi tikilərək istifadəyə  verilib.
Diqqətə çatdırılıb ki, hər bir ölkənin  iqtisadi, mədəni və intellektual səviyyəsinin barometri hesab edilən  klassik milli universitet missiyasını şərəflə həyata keçirən Bakı Dövlət  Universitetində bu gün ali təhsilin bakalavriat, magistratura və  doktorantura səviyyələrində 20 minə yaxın tələbə təhsil alır. Gənclərin  təlim-tərbiyəsi ilə 4 minədək əməkdaş, o cümlədən 2 minə yaxın  professor-müəllim heyəti və elmi işçi məşğul olur. Onlardan 21 nəfəri  akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri Milli Məclisin deputatı,  300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə  doktoru, dosentdir. Hazırda universitetdə 17 fakültə, 127 kafedra,  müasir cihaz və avadanlıqlarla təchiz olunmuş iki Elmi Tədqiqat  İnstitutu fəaliyyət göstərir. Universitetin 30-dək Elmi Tədqiqat Mərkəzi  və laboratoriyası, 3 milyona yaxın fonda malik kitabxanası var. BDU-da  81 istiqamət üzrə dünya standartları səviyyəsində elmi-tədqiqat işləri  aparılır. Son illər yeni fakültələr, mərkəzlər, laboratoriyalar açılıb.
Rektor  bildirib ki, universitetdə kadr hazırlığı Bolonya prosesinin  tələblərinə və Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.  Bütün fakültələrdə təhsil üç dildə – Azərbaycan, rus və ingilis  dillərində aparılır. Universitetdə dünyanın 16 ölkəsindən minədək tələbə  təhsil alır. BDU-da bu ildən başlayaraq Təhsil Nazirliyinin təşəbbüsü  ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı  həyata keçirtmək məqsədilə yaradılan və 12 ixtisası əhatə edən “SABAH”  qrupları fəaliyyət göstərir. Universitetin nəzdindəki “Gənc istedadlar”  Liseyinin şagirdləri regional və beynəlxalq səviyyəli elmi tədbirlərdə  əhəmiyyətli uğurlar əldə edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının  ayrı-ayrı institutlarında BDU-nun baza kafedraları, Elm və Tədris  Mərkəzləri, müvafiq kafedraların filialları yaradılıb.
BDU  95 il ərzində yüz əlli mindən çox mütəxəssis, o cümlədən dünyanın bir  çox dövlətləri – Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq,  Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək  ixtisaslı kadr hazırlayıb.
Hazırda dünyanın 60  ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq edən BDU Avrasiya,  Xəzəryanı Ölkələr, Qara Dəniz Ölkələri, Avropa və Qafqaz Universitetləri  assosiasiyalarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə  ikili diplom verilməklə birgə magistr hazırlığı həyata keçirir.
BDU-da  Konfutsi İnstitutu, Abay, Koreya, Yunis Əmrə mərkəzləri, Rus Evi, Türk  Odası, xarici dillərin daha dərindən öyrənilməsi üçün linqafon  kabinetləri fəaliyyət göstərir. Universitetdə 14 Qərb və Şərq  dövlətlərinin dilləri öyrədilir və yüksək səviyyəli kadr hazırlığı  həyata keçirilir. Azərbaycandan Tomson Reyter agentliyi tərəfindən  indekslənən yeganə beynəlxalq elmi jurnal Bakı Dövlət Universitetində  nəşr edilir.
Akademik A.Məhərrəmov gənclərin elmə,  təhsilə marağının ildən-ilə artması nəticəsində Bakı Dövlət  Universitetinin bundan sonra daha böyük nailiyyətlər qazanacağına  əminliyini bildirib.
Tədbirdə çıxış edən təhsil  naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik Bakı Dövlət  Universitetinin 95 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və  təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Diqqətə  çatdırılıb ki, bu gün BDU-nun məzunları Azərbaycan elminin inkişafına və  çiçəklənməsinə dəyərli töhfələr verirlər.
Nazir  qeyd edib ki, universitet ilk gündən elmi-tədqiqat mərkəzinə çevrilərək  Azərbaycan Milli Elmlər Akademiyasının və onun institutlarının  təşkilində, digər ali məktəblərin təşəkkülündə, kadr potensialının  formalaşmasında xüsusi rol oynayıb.
Ulu öndər Heydər  Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladan  M.Cabbarov bu dahi şəxsiyyətin Azərbaycan elminin və təhsilinin  inkişafına daim böyük qayğı göstərdiyini, onun ideyalarının hazırda  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini  vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin  2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən qocaman jurnalist,  BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif  olunduğunu bildirən nazir ali dövlət mükafatını yubilyara təqdim edib.
Professor Ş.Hüseynov çıxış edərək yüksək dövlət mükafatına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
M.V.Lomonosov  adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi  Bakı Dövlət Universitetinin elm, təhsil sahəsində önəmli xidmətlərini  vurğulayıb, dahi şəxsiyyət Heydər Əliyevin bu ali məktəbin məzunu  olduğunu xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyev ilə dəfələrlə  görüşdüyünü bildirən V.Sadovniçi Ulu Öndərin elmə, təhsilə xüsusi  əhəmiyyət verdiyini diqqətə çatdırıb.
BDU-nun mühüm  nailiyyətlər qazandığını qeyd edən rusiyalı akademik bu ali məktəb ilə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əlaqələrindən danışıb.
Azərbaycan  Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib  ki, elmin, təhsilin, milli təfəkkürün, mədəniyyətin, inkişafında mühüm  rol oynayan Bakı Dövlət Universitetinin yaranması Azərbaycan tarixinin  ən əlamətdar hadisələrindəndir. Şərqin ilk mütərəqqi təhsil ocaqlarından  olan BDU-nun 95 ildə zəngin, şərəfli inkişaf yolu keçdiyini qeyd edən  akademik A.Əlizadə vurğulayıb ki, bu universitetin, eləcə də  Azərbaycanda elm və təhsilin inkişafının keyfiyyətcə yeni mərhələsi  görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə  bağlıdır. BDU-nun məzunları arasında bir çox dünya şöhrətli alimlər,  ictimai-siyasi xadimlər yetişib.
İnformasiya  cəmiyyətində mükəmməl bir sistemin tərkib hissələri kimi elmin, təhsilin  və istehsalatın inteqrasiyasının inkişafın mühüm formullarından hesab  olunduğunu diqqətə çatdıran AMEA-nın prezidenti akademiya ilə BDU  arasındakı sıx əməkdaşlıqdan söz açaraq deyib: “Azərbaycan Prezidenti  İlham Əliyev bəyan edib ki, ölkəmiz bölgənin elm mərkəzinə  çevrilməlidir. Bu, Azərbaycan alimləri və təhsil işçiləri üçün böyük bir  çağırışdır”.
Azərbaycan Tibb Universitetinin  rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,  akademik Xoşbəxt Yusifzadə, Türkiyənin Ərdahan Universitetinin rektoru,  Qafqaz Universitetləri Şəbəkəsinin prezidenti, professor Ramazan  Korkmaz müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb,  universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd  ediblər. Bakı Dövlət Universitetinin elmə, təhsilə böyük töhfələr  verdiyini vurğulayan natiqlər Azərbaycanın bu nüfuzlu ali təhsil  müəssisəsinə yeni nailiyyətlər arzulayıblar.
Tehran  Universitetinin rektoru, doktor Nili Əhmədabadi, Albaniyanın Tirana  Texniki Universitetinin rektoru, akademik Yorqaq Kaçani, İvane  Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik  Vladimer Papavaya, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin  rektoru, professor Murtazli Rabadanov çıxış edərək elmin, təhsilin  inkişafında Bakı Dövlət Universitetinin xidmətlərini yüksək  qiymətləndirib, pedaqoji kollektivi yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə  Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik  Leonid Quberski, Çinin Anhoy Universitetinin rektoru, professor Çex Xua,  Türkiyənin İstanbul Universitetinin rektoru, professor Yunus Söylət,  Belarus Dövlət Universitetinin rektoru, akademik Sergey Oblameyko və  başqaları videobağlantı vasitəsi ilə Bakı Dövlət Universiteti barədə  fikirlərini söyləyib, yubiley təbriklərini çatdırıblar.
“Gənc  İstedadlar” Liseyinin məzunu, Kanadanın Vaterloo Universitetinin  tələbəsi Orxan Həsənli, BDU-nun hazırda təhsilini Yaponiyada davam  etdirən tələbəsi Aida Məmmədova da videobağlantı vasitəsilə doğma  universitetin 95 illik yubileyi münasibətilə kollektivə xoş arzularını  bildiriblər.
Sonda universitetin yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.
Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2014-cü il.
