Bakıda I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
Mayın 26-dan 28-dək Bakıda I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Tədbir Bakı Dövlət Universitetinin (BDU) həyətində – açıq havada təşkil olunacaq.
Türk dövlətlərinin tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb. Tədbir Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondu və s. təşkilati dəstəyi ilə keçiriləcək. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək. Eyni zamanda muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.
Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşudbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub. Tədbirin sonuncu günü, mayın 28-də festivalın təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı növbəti ili Türkiyədə təşkil ediləcək.