“Əbədi ezamiyyət” sənədli filminin BDU-da nümayişi keçirilib

16/12/2019

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzində çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin Bakı Dövlət Universitetində (BDU) nümayişi keçirilib.
BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verib. Bildirib ki, film müsəlman Şərqində ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin yaradıcı heyəti Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə keçirilən görüşləri lentə alıb.
Parisin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və sonrakı dövrdə Azərbaycan mühacirəti ilə bağlı bir şəhər olduğunu bildirən rektor Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya ilk rəsmi səfəri zamanı Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun və nümayəndə heyətinin müşaviri, “Azərbaycan” (rusca) qəzetinin redaktoru Ceyhun bəy Hacıbəylinin məzarlarını ziyarət etməsini filmin ideyasının müəyyənləşməsində əhəmiyyətli rol oynadığını bildirib.
Azərbaycanın qədim, zəngin, keşməkeşli tarixinin bu cür professional əsərlərdə öz əksini tapacağına əminliyini ifadə edən rektor E.Babayev xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi şərəfli tarixə qürur hissi ilə baxmağa imkan verən layihənin reallaşmasında Heydər Əliyev Fondunun mühüm xidmətlərini qeyd edib.
Sonda filmin BDU-da nümayişi üçün Xarici İşlər Nazirliyinə və Bakı Media Mərkəzinə təşəkkürlərini bildirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayb. Diplomatik xidmət orqanlarının yaranma tarixi və qısa müddətdə gördüyü işlərdən bəhs edən L.Abdullayeva təqdim edilən filmin xalqımızın XX əsrin əvvəlindən dünyəvi və demokratik dəyərlərə sahib olduğunu göstərən amil kimi xarakterizə edib. L.Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, həmçinin 1991-ci ildə müstəqilliyin bərpası, müxtəlif sahələrdə aparılan köklü islahatlar, xarici siyasətimizin əsasları, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyəti barədə danışıb.
Filmin ssenari müəllifi Müsəllim Həsənov filmin Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb.
Sonra geniş ekranda filmin nümayişi olub. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024