BDU-105: Milli jurnalistikamızın 55 yaşlı ocağı

30/08/2024

XXI əsrin çağırışları, informasiya texnologiyalarının sürətli inkişafı müasir jurnalistikanın qarşısında olduqca mühüm və əhəmiyyətli vəzifələr qoyur. Ölkəmizdə iqtisadi və sosial islahatların həyata keçirilməsi, vətəndaş həmrəyliyi mühitinin bərqərar olması, sağlam mənəvi dəyərlərin formalaşması yolunda atılan uğurlu addımlar heç şübhəsiz ki, media mühitinə də öz təsirini göstərir. Bu mənada jurnalistika ali təhsilinin xüsusi önəmi vurğulanmalıdır. Yaradılmasından 105 il keçən Bakı Dövlət Universitetinin (BDU) mövcudluğunun 55-ci ilində ayrıca ali ixtisas strukturu kimi fəaliyyətə başlamış Jurnalistika fakültəsinin çoxsaylı məzunlarının peşəkar fəaliyyəti bu prosesdə aydın görünür və yüksək dəyərləndirilir.

Bir əsrdən çox tarixi olan BDU-nun peşəkar kadr hazırlığı sistemində  jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası 1928-ci ildə məhz BDU-nun Pedoqoji fakültəsində Jurnalizm və bibliologiya kafedrasının yaradılması ilə qoyulub. Müəyyən fasilədən sonra - 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan Jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunur.

Kafedraya ilk illərdə təcrübəli qəzet işçisi, tanınmış ictimai xadim Həsən Şahgəldiyev rəhbərlik edir. Onunla birlikdə milli jurnalist kadrların hazırlığı işinə görkəmli mətbuat işçiləri Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulur. Akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev də gələcək jurnalistlərin ilk müəllimləri olurlar. Şöbənin Şirməmməd Hüseynov kimi ustad media araşdırmaçısı və aliminin də sıralarında olduğu birinci məzunları 1950-ci ildə Azərbaycanda ilk dəfə ali jurnalistika ixtisası diplomları alırlar. Düz 55 il əvvəl isə – 1969-cu ildə Jurnalistika şöbəsi müstəqil fakültəyə çevrilir. Fakültənin ilk dekanı professor Nurəddin Babayev (1969-1970) olur.

Ümummilli Lider Heydər Əliyevin zəruri əsaslarını yaradığı müstəqil dövlətimizdə azad, demokratik medianın inkişaf etdirilməsi siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi mətbuatımızın qarşısında yeni imkanlar və yollar açmaqdadır. Bu isə, təbii ki, həm ölkə mediasının, həm də media vasitələri üçün peşəkar kadr hazırlayan fakültənin kollektivi üzərində yeni və əhəmiyyətli vəzifələr qoyur.

Həmişə dövlətin strateji maraq sahəsi hesab olunmuş təhsil, onun inkişaf dinamikası, dünyanın qabaqcıl təhsil qurumları ilə inteqrasiya Azərbaycan müstəqillik əldə etdikdən sonra daha ön mövqeyə çıxmaqdadır. Bu, Jurnalistika fakültəsinə də xeyli keyfiyyət və kəmiyyət dəyişkliyi gətirib. “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir” – deyən Ümummilli Lider Heydər Əliyevin jurnalistikanın çoxspektrliliyinə verdiyi belə dəqiq səciyyə bugünkü tələbəyə – sabahın məzununa kifayət qədər universal peşə vərdişləri aşılamaq zərurətini bir daha aktuallaşdırır. Təhsil sistemində strateji dəyişikliklər və çevik taktiki addımlar da məhz həmin zərurətdən doğur.

Şübhəsiz ki, 55 yaşı tamam olan, ölkəmizdə ali jurnalistika təhsili ocağı sayılan BDU-nun Jurnalistika fakültəsində son bir neçə ildə görülən işlər barədə məlumat, bir növ hesabat vermək bu baxımdan maraqlı olardı.

Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovet dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, həyata fəlsəfi baxışlarını, yaradıcılıq düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik yanaşmalara yol açıb, sabahın jurnalistlərinə müxtəlif ictimai-siyasi proseslərə fərdi baxış üsullarını formalaşdırmaq imkanı verməkdədir.

Jurnalistika dinamik peşədir, şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən Jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir. Buna görə də artıq yalnız auditoriya saatları ilə kifayətlənmək olmur, sabahın jurnalistləri üçün müxtəlif treninq və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə həm də praktik vərdişlər aşılamaqdır. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, yeni təmirdən çıxmış 2 saylı tədris binasında yerləşən Jurnalistika fakültəsində bunun üçün hər cür şərait mövcuddur.

Bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək peşəkar jurnalistlərin hazırlanması isə ciddi əhəmiyyət daşıyır. Hazırda təhsilin üç dildə aparıldığı (Azərbaycan, rus və ingilis) Jurnalistika fakültəsində bakalavriatura pilləsinə bir – “Jurnalistika”; magistratura pilləsinə isə 8 ixtisas – “Teleradio jurnalistikası”, “Beynəlxalq jurnalistika”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Publisistik jurnalistika”, “Mətbuat tarixi”, “Radioteleviziya yayım menecmenti”, “Media və kommunikasiya sistemləri”, “İdman jurnalistikası” ixtisasları üzrə qəbul keçirilir. Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra – Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia və elektoron kommunikasiya, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları; 1 tədris-teleradio studiyası; 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Eyni zamanda fakültədə bir neçə xüsusi təyinatlı otaq da mövcuddur. “Füyuzat” mərkəzi mətbuat tariximizlə bağlı spesifik auditoriyadır, orada Azərbaycan jurnalistikasının tarixi ilə bağlı maraqlı tədbir və görüşlər keçirilir. Bu il açılışları olan Azərbaycan Mətbuat Şurasının otağını və “ARB24”ün “NewsLab” təlim və canlı yayım otağını da xüsusi vurğulamaq lazımdır. Hər iki otağın özünəməxsus təyinatları var. Mətbuat Şurası otağının yaradılmasında başlıca məqsəd media kapitanları, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan peşəkar jurnalistlərlə tələbələrin görüşünü təşkil etmək, həmçinin fakültədə Şuranın Şikayətlər və Etika komissiyalarının toplantılarını keçirməkdir. Artıq fakültədə  tələbələrin iştirakı ilə Şikayətlər üzrə Komissiyanın 4 toplantısı keçirilib. Tələbələr bu toplantılarda iştirak etməklə Azərbaycan media mühitində mövcud olan problemlər və hüquqpozmalarla bağlı şikayət və hallarla tanış olurlar.

Fakültədə digər xüsusi otaq Cənubi Qafqazda ilk xəbər kanalı olan “ARB 24” ilə BDU arasında əməkdaşlıq müqaviləsi çərçivəsində yaradılıb. Kanal artıq üç ildir ki, Jurnalistika fakültəsi ilə birlikdə “NewsLab” təlim layihəsini həyata keçirir. Bu təlimlərdən uğurla keçmiş tələbələr birbaşa işə götürülür. Artıq fakültənin xeyli tələbəsi layihə çərçivəsində kanalda işlə təmin olunub. Bu otağın başqa bir səciyyəvi xüsusiyyəti onun canlı yayım otağı kimi funksionallığıdır. Otaqda “ARB 24” tərəfindən gündəmin ən müxtəlif mövzularına dair BDU alimləri ilə canlı yayımlar təşkil olunur. Həmçinin fakültənin tələbələri canlı yayım prosesi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Tələbələrin müasir tələblərə cavab verən peşəkar kadr kimi hazırlanmasını təmin etmək məqsədi ilə hazırda fakültədə bir necə istiqamətdə iş aparılır:

Jurnalistika fakültəsində 1984-cü ildən tədris-teleradio studiyası fəaliyyət göstərir. 2016-cı ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA)  maliyyə dəstəyi ilə təmir və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında fakültə tələbələri tərəfindən müxtəlif teleradio verilişləri hazırlanır. Həftədə bir dəfə 3 dildə – Azərbaycan, ruc və ingilis dillərində ”BDU TV XƏBƏRLƏR” informasiya bloku təqdim edilir.

Eyni zamanda ”Gələcəyin sədasi”, “Riyazi reallıq” kimi maarifləndirici, ”Maraq nöqtəsi”, ”Tələbə bileti” adlı analitik televerilişlər, “BDU RADİO” studiyasında isə “Bu gün” və ”Expromt” adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş   32 dəqiqəlik “100 ilin təntənəsində” sənədli filmi hazırlanaraq yayıma təqdim edilib. Bundan əlavə, tələbələr tərəfindən “Bir ömürdə iki tale”, ”Qazi”, “Uğurun başlanğıcı”, ”Heykəltaraş”  adlı sənədli filimlər də hazırlanıb. Bu verilişlər “BDU TV” “Youtube” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Tələbələrin studiyada hazırladıqları süjet və verilişlərin bəziləri hətta ümumölkə yayımında olan TV kanallarında nümayiş olunur. Müsbət və pozitiv rəylər onu söyləməyə əsas verir ki, fakültə tələbələrinin hazırladıqları verilişlərin gənc auditoriyası genişdir və sevərək izlənilir.

Yaxın gələcəkdə bu təcrübədən istifadə etməklə, fakültənin nəzdində müstəqil tələbə internet televiziyası və radiosunun yaradılması da qarşıya məqsəd qoyulub. Həmçinin fakültədə “Fotojurnalistika” studiyasının yaradılması ilə bağlı da müəyyən görüşlər keçirilməkdə və təkliflər hazırlanmaqdadır.

Fakültə tələbələrinin birbaşa iştirakı ilə “Bakı Universiteti” qəzeti nəşr olunur. Eləcə də “Jurnalist” tədris qəzetinin hazırlanması işi də uğurla davam etdirilir. Qəzetdə gedən materiallar “525-ci qəzet” və “Şərq” qəzetlərinin xüsusi əlavəsi olaraq ölkə ərazisinə yayılır.

Ötən dərs ilində Jurnalistika fakültəsində 3 təlim prosesi həyata keçirilib. Oktyabr ayından Audiovizual Şuranın tələbələr üçün ayda bir dəfə olmaqla keçirdiyi təlimlərdə audiovizual media quruluşlarının hüquqi tənzimlənməsi, reytinqlərin hesablanması kimi mövzularda hazır keyslər əsasında  məlumatlar verilib. Aprel ayından Mətbuat Şurası, “525-ci qəzet”lə birlikdə fakültədə mədəniyyət sahəsindən yazmağa marağı olan tələbələr üçün xüsusi təlim prosesinə start verilib. Təlimin ilk mərhələsi başa çatıb və yeni tədris ilindən ikinci mərhələyə başlanılacaq. Bununla yanaşı, fakültənin tədris-teleradio studiyasında tələbələr üçün professional montaj təlimi də keçirilməkdədir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə də BDU-nun, Jurnalistika fakültəsinin sıx əməkdaşlığı mövcuddur. Agentliyin “Media könüllüləri” proqramında aktiv iştirak edən fakültə tələbələri xüsusi təlimlərə qatılmaqla yanaşı, ölkə əhəmiyyətli media tədbirlərində də aktiv iştirak edirlər. Vurğulamaq yerinə düşər ki, Universitetlə  əməkdaşlıq çərçivəsində yaxın zamanlarda fakültədə Agentliyin xüsusi təlim otağınının yaradılması da nəzərdə tutulub. Ümumiyyətlə, BDU rəhbərliyi tələbələr üçün praktik treninq və seminarların təşkil edilməsinə hər zaman xüsusi diqqət ayırır. Treninq və seminarlar dərs saatlarından kənar vaxtda təşkil edildiyindən tədrisə mane olmur, əksinə, nəzəri biliklərin praktik yöndən daha da möhkəmlənməsinə, tələbələrin ixtisasa daha çox bağlanmalarına səbəb olur.

İstər yeni otaqların açılışı, istərsə də yeni proqramlar üzrə təlimlərin keçirilməsi həm Bakı Dövlət Universitetinin 105 illik yubileyinə, həm Jurnalistika fakültəsinin 55 illiyinə, həm də unudulmaz ustad Şirməmməd Hüseynovun 100 illiyinə töhfədir. Bu yubileylər ilində Jurnalistika fakültəsi yaddaqalan işlərə imza atmağı qarşısına başlıca məqsəd kimi qoyub.

Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə son illərdə fakültədə peşəkar media quruluşlarının rəhbərlərinin iştirakı ilə kastinqlər də təşkil edilir. Bu kastinqlərin nəticəsində yuxarı kurs tələbələrinin bir çoxu ölkənin aparıcı televiziya kanalları, internet portalları, informasiya agentliklərində iş təklifləri alırlar.

Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması,  dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalmamaları üçün mütəmadi olaraq millət vəkilləri, ictimai-siyasi xadimlər, aparıcı jurnalistlərlə maarifləndirici görüşlər təşkil edilir. Son üç il ərzində 80-dən çox belə görüş və tədbir keçirilib. Bu görüşlər haqqında məlumatlar həm Universitetin, həm fakültənin rəsmi saytlarında, həm də media qurumlarında geniş işıqlandırılıb.

Media sahəsi, xüsusən internet jurnalistikası çox sürətlə yenilənir, inkişaf edir. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. İyirmi il bundan əvvəlki xəbər və ya analitik janrların xüsusiyyətləri hazırda tamamən fərqlidir. Bu səbəbdən də son illərdə fakültədə yeni tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanmasına xüsusi önəm verilir.

Jurnalistika informasiya ilə cəmiyyət arasında rabitə, körpü yaradan, yeri gəldikdə ona təsir etmək gücü olan ictimai-siyasi institutdur. Bu anlamda jurnalistikaya olan marağın artması nə qədər təbiidirsə, media sahəsində peşəkarlığa xüsusi önəm verilməsi də bir o qədər vacibdir. Jurnalistikamızın inkişafına dövlət qayğısı da marağın, həvəsin artmasına təsirini göstərir. Bütün bu məqamlar ölkəmizdə media azadlığının möhkəmlənməsinə və eləcə də jurnalistikanın öz fəlsəfəsindən irəli gələrək məlumatlandırmaq və maarifləndirmək funksiyalarını daha sərbəst və rahat şəkildə həyata keçirməsinə təkan verən əsas elementlərdir. Hazırda ölkəmizə qarşı aparılan informasiya müharibəsi fonunda media nümayəndələrinin qarşısında ciddi vəzifələr durur. Müasir jurnalistika mədəniyyətlərarası dialoqun qurulmasından tutmuş, beynəlxalq münasibətlərin tənzimlənməsinə qədər bir çox istiqamətlərə ciddi şəkildə təsir göstərir. Müasir dövrdə media həm də ən təhlükəli müharibə növü olan informasiya savaşının başlıca və ən effektiv silahıdır. Bu baxımdan şübhəsiz ki, həqiqətlərimizin, doğrularımızın dünyaya çatdırılmasında jurnalistikanın önəmli rolu var. Peşəkar yanaşma, sosial məsuliyyət hissini hər zaman öndə tutmaq və vətəndaş mövqeyinindən çıxış etmək borclu olduğumuz ən vacib məqamlardır. Bu, zamanın tələbi olmaqla, həm də günümüzün reallığıdır. BDU-nun Jurnalistika fakültəsinin kollektivi bu önəmli  məqamlardan çıxış edərək, yeni nəsil peşəkar jurnalistlərin yetişdirilməsini ciddi vəzifə kimi  gerçəkləşdirməyə çalışmaqdadır.

https://azertag.az/xeber/bdu_105_milli_jurnalistikamizin_55_yasli_ocagi-3155746

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024