Bakı Dövlət Universiteti – 106

01/09/2025

1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində Bakı Dövlət Universitetinin (BDU) təsisi haqqında qanunun qəbul edilməsi xalqımızın elm və təhsil tarixində, milli mədəniyyətimizin və ictimai fikir tariximizin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu gün həmin əlamətdar tarixdən 106 il ötür. BDU bütün tarixi inkişafı boyu xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında müstəsna rol oynamışdır. Dövlət müstəqilliyimizin bərpasından sonra bu şərəfli missiya daha böyük uğurlarla və daha böyük miqyasda davam etdirilir.

Əminliklə söyləyirik ki, doğma Universitetimizin əsas uğurlarının və tərəqqi mərhələlərinin hər biri birmənalı olaraq Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə ilk dəfə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq BDU-ya xüsusi diqqət və qayğı ilə yanaşmış, onun kadr potensialının, maddi-texniki bazasının güclənməsinə şərait yaratmış, eyni zamanda Universiteti elm və təhsilimizin flaqmanı, milli oyanışın mərkəzi kimi qiymətləndirmişdir. BDU-nun qədirbilən kollektivi bütün bunları hər zaman minnətdarlıqla yad edir, Universitetimizin dünya şöhrətli məzunu ilə qürur duyur. 106 illik şərəfli tarixin parlaq səhifələrinə nəzər saldıqda görürük ki, Universitetimizin yubileylərinin təntənəli şəkildə qeyd olunması ənənəsini Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur.

Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə möhtərəm Prezidentimiz BDU-nun tarixinə xüsusi diqqətlə yanaşmış, Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətlərini qeyd etmişdir. 100 illik yubiley mərasimində ölkə başçısının iştirakı və proqram xarakterli çıxışı Universitet kollektivinin qarşısında yeni hədəflər qoymuşdur.

BDU hər bir zaman ölkə başçımızın diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu gün Universitetimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir.

106 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda 16 fakültə, 1210 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yolda davam edir. BDU-da bu gün 25 mindən artıq tələbə təhsil alır. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında Universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır.

Hazırda Universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq, xüsusilə sənaye müəssisələri ilə əlaqələr inkişaf etdirilir. Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda Universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır.

Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, eyni zamanda tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun nəticəsisdir ki, professor-müəllim heyətimizin, tələbələrimizin uğurları ildən-ilə artır, Universitetimiz beynəlxalq reytinqlərdə daima öz mövqeyini yüksəldir.

Ötən tədris ilində BDU tələbələri bir sıra beynəlxalq tədbirlərdə, olimpiada və digər yarışlarda iştirak etmiş, mühüm nəticələrə nail olmuşdurlar. İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində tələbələrimiz öz təqdimatlarını uğurla nümayiş etdirib, Mexanika-riyaziyyat fakültəsinin tələbələri Vüqar Quliyev  və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında müvafiq olaraq I və III yerlərin, Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva, Firuzə Məhərrəmova və Günay Fətəliyeva isə Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada I və II yerlərin qalibləri olublar. Universitetimizin “ESST-6” komandası Türkiyədə keçirilən “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında “E-tarım sulama” layihəsi ilə III yerə, “DAIGNOSIS” komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında ölkəmizi təmsil edən yeganə komanda kimi bu nüfuzlu yarışın beş qalibindən biri olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, fəaliyyətə son illərdə başlamış və qısa müddət ərzində bir sıra mühüm nəticələr əldə etmiş BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi bütün bu proseslərdə aparıcı rol oynayır. Mərkəz tərəfindən həyata keçirilən “SuperCapBack hibrid batareya” və “Clean-Charge sürətli şarj stansiyası” layihələri 2024-cü il 13-15 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında təqdim edilib, “BSU Creativity Workz” komandası 220 komanda arasından vəsiqə qazanan 8 komandadan biri olmuşdur. Layihə əsasında BDU-nun ərazisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi qurulmuşdur. Universitetimizin daha iki komandası bu ilin mart ayında nüfuzlu "International World Innovative Student Expo 2025" (IWISE) yarışmasında iştirak etmiş, "STAJ" komandası "Itech" kateqoriyası üzrə I, "TechTitans" komandası isə "Robotics" kateqoriyası üzrə II yerə layiq görülmüşdür.

2024-cü ildə Universitetin 4 tələbəsi ölkə başçısının imzaladığı müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülmüşdür. Ötən tədris ilində tələbələrimiz həmçinin bir sıra təqaüd proqramlarının qalibləri olmuşdurlar. Belə ki, tələbələrimiz “PAŞA Holding”in “Əlaçı” təqaüdünün, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının, “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olublar. Eyni zamanda ötən il BDU-nun 14 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilmişdir. 2025-ci ildə tələbə və məzunlarımız Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramında da uğurlu nəticələr göstərmişdirlər. Bu proqramı müvəffəqiyyətlə bitirən 35 nəfərdən 12-si məhz BDU-nun tələbə və məzunu olmuşdur.

Bütün bunlar, əlbəttə ki, tələbələrimizi elmi-tədqiqat işlərinə və eləcə də innovativ tədrsis prosesinə daha da sövq edir. Tələbələrimizi elm və təhsilə həvəsləndirmək məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis olunmuşdur. 2025/2026-cı tədris ilindən etibarən “Birincilik” adlı məqsədli təqaüd Universitetə bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat olmaqla veriləcəkdir.

Hazırda Universitetdə 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da bakalavriat səviyyəsində 77 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma və doktoranturada 123 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. 2025/2026-cı tədris ilindən etibarən Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisası üzrə kadr hazırlığına başlanılması da bu baxımdan mühüm əhəmiyyət kəs edir.

BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər. Ötən il BDU-da dövlət gənclər siyasəti, Ulu Öndər Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə ümumilikdə 900-dən artıq tədbir keçirilmişdir.

Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbul ilə bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülür, təhsillərini xaricdə davam etdirmək imkanları qazanırlar. BDU məzunlarının xaricdə təhsil almaq imkanları ötən il də genişlənmiş, onlarla məzunumuz  magistratura və doktorantura səviyyələri üzrə dünyanın bir sıra nüfuzlu universitetlərinə qəbul olunmuşdurlar. Xüsusi vurğulamaq lazımdır ki, Dövlət Proqramı çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq ki, onlardan 5 nəfər məhz BDU məzunlarıdır. Bu Proqram çərçivəsində məzunlarımız müasir dünyada innovativ elmi istiqamətlər hesab edilən “Tibb mühəndisliyi”, “Yer elmləri”, “Kimya”, “Molekulyar biologiya” ixtisasları üzrə təhsil alacaq, tədqiqat işləri aparacaqlar.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da yaradılmış Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar, Materialşünaslıq, Riyazi tədqiqatlar, Astrokosmik və atmosfer tədqiqatları, Bioloji antropologiya kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları, eləcə də Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi artıq öz elmi nəticələrini verməkdədir.

Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet hədəflərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin “Quacquarelli Symonds” (QS) reytinq siyahısında ilk ən yaxşı 700 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Ötən tədris ilini isə BDU tarixində bu istiqamətdə ən mühüm nailiyyətlərin əldə edildiyi il kimi səciyyələndirmək olar. Məhz bəhs olunan dövrdə BDU dünya universitetlərinin QS reytinq siyahısında və eləcə də bir sıra reytinqlərdə göstəricilərini yüksəkltməyə nail olmuşdur. BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2026”-da 688-ci mövqedə qərarlaşmışdır. Bu göstərici BDU-nun təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda lider mövqeyini ifadə edir.

2025-ci ildə bu istiqamətdə əldə edilmiş ən mühüm nailiyyətlərimizdən biri də –  “QS Stars” audit qiymətləndirilməsində BDU-nun 5 ulduza layiq görülməsidir. Bu mühüm nəticələr BDU-nun təhsil, elmi tədqiqatlar, akademik inkişaf, məzunların məşğulluq imkanları, infrastruktur və idarəetmə sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Universitetimiz digər bir nüfuzlu təşkilatın – “Times Higher Education” (THE) agentliyinin tərtib etdiyi beynəlxalq reytinqdə də mövqeyini möhkəmlətmişdir. Agentliyin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən Universitetimiz qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq 401–600 diapazonunda yer almışdır. Bu, Universitetin ötənilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir. BDU təbiət elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların Reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir. 2025-ci ildə BDU həmçinin THE-nin tərtib etdiyi “İnterdisiplinar elm reytinqi 2025”-də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer almışdır. Eləcə də nüfuzlu “GreenMetric” reytinqində 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksəlmişdir.  BDU həmçinin ilk dəfə olaraq "Şanxay reytinqi"ndə də yer almışdır.

Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 73-ə yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, 2023-cü ildə 52-yə, ötən il isə 67-yə bərabər olmuşdur. Hər bir əsərə edilən istinadların orta sayı 9.94-ə yüksəlmişdir. Bu göstərici isə ötən il 8.53-ə bərabər idi. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4743 elmi əsər nəşr edilib. Müqayisə üçün ötən il bu göstərici 4436 elmi əsər təşkil edirdi. Bu əsərlərə 47000-dən çox istinad edilib. Yenə də müqayisə üçün bu rəqəm 2024-cü ildə 37000, 2023-cü ildə isə 29000 təşkil edirdi ki, bütün bunlar artan dinamikanı bir daha əyani şəkildə nümayiş etdirir. Yalnız ötən il nəşr edilmiş elmi əsərlərə 8646 istinad olunub. Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında lider mövqeyə sahibdir.

Ötən tədris ilində BDU beynəlxalq reytinqlərdə göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə xaricdə bu istiqamətdə təşkil olunan bir sıra mühüm tədbirlərdə, o cümlədən İngiltərənin Mançester şəhərində nüfuzlu THE reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit),  Əl-Fərabi adına Qazax Milli Universitetində “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”-də, Sinqapurda QS Agentliyinin təşkilatçılığı ilə keçirilən “EduData Summit - 2025” tədbirində təşkilatçı və iştirakçı kimi təmsil olunmuşdur. Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə əsas məqsəd dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün təcrübə mübadiləsinin həyata keçirilməsi, yeni birgə layihələrin müzakirəsinin aparılmasıdır.

Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə etdiyi uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcəkdir. Bu uğurlar universitetimizdə müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.

Ötən tədris ilində də BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası uğurla inkişaf etdirilmişdir. BDU ilə Türkiyə, Pakistan, Çin, Malaziya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, Bolqarıstan və s. ölkələrin nüfuzlu universitetləri ilə əlaqələr qurulmuşdur. Hazırda 50-dən çox ölkənin 180-dən artıq universiteti ilə əməkdaşlıq edirik.

BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Ötən tədris ilində BDU bir sıra beynəlxalq tədbirlərə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP-29) çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda Beynəlxalq elmi konfransa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə keçirilmiş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransa, Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransa, Türkiyə və Özbəkistan universitetləri ilə birgə təşkil olunmuş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumuna ev sahibliyi etmişdir. Eləcə də 2025-ci ildə BDU ilə “Bayraktar Texnologiya Azərbaycan” MMC və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

BDU nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da özünün prioritetlərindən hesab edir. 2024/2025-ci tədris ilində BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE), İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinin  (The Global University Network for Innovation - GUNI), Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinin (The Climate Action Network for International Educators – CANIE) və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) üzvü seçilmişdir.

BDU beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülmüş, Universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilmiş, birgə sosial layihələrin sayı artırılmışdır. Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilmiş, Universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilmişdir.

Dövlət və özəl müəssisələrlə əməkdaşlıq bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Son illər BDU ilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti, AMB Milli Depozit Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Milli Kitabxanası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsilin İnkişafı Fondu, CODELANDIA və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanmışdır. Bu əməkdaşlıqlar çərçivəsində ötən tədris ilində BDU-da Azərbaycan Milli Kitabxanasının, Medianın İnkişafı Agentliyinin, “Xalq qəzeti”nin xüsusi auditoriyaları istifadəyə verilmişdir. BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə Universitet ərazisində elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ilə birgə Universitetin həyətində “Tələbə məkanı”, dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Bayramli Group”, həmçinin "LU-MUN Holding" və "Azecolab" şirkətləri ilə birgə “EKO MƏKAN” açılmışdır.

Ötən il BDU kollektivi və tələbələri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirmiş, Universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar bir sıra tədbirlər, layihələr həyata keçirilmişdir. Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman fəal iştirakı ilə seçilən BDU kollektivi və tələbələri "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP-29) ölkəmizdə keçirilməsi prosesində fəal iştirak etmişdir. Bu tədbirlər çərçivəsində BDU-nun həmtəşkilatçılığı ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi, “COP29 həftəsi” keçirilmiş, müxtəlif maarifləndirmə tədbirləri, seminar və yarışlar təşkil olunmuş, Azərbaycan Mətbuat Şurası ilə birgə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu təşkil olunmasında iştirak edən 537 tələbəmizin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onlar təşəkkürnamə və pul mükafatı ilə təltif olunmuşdurlar.

Qalib və qüdrətli ölkəmizin gündən-günə inkişaf etməsi, elm və təhsildə əldə olunan nailiyyətlər BDU kollektivini və tələbələrimizi doğma universitetimizin yaradılmasının 106-cı ildönümünü daha yüksək ovqatla qarşılamağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, bir gündən də az davam etmiş lokal antiteror əməliyyatlarında əldə edilmiş tarixi nailiyyət, postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri, soydaşlarımızın illər sonra öz yurdlarına əbədi qayıdışı hər birimizdə sonsuz qürur və xoşbəxtlik hissləri yaradır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir soydaşımız kimi BDU ailəsinin bütün üzvləri tərəfindən böyük rəğbət və ehtiram hissləri ilə qarşılanmışdır. BDU Elmi Şurasının qərarı ilə “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanmışdır, hazırda müxtəlif istiqamətlərdə bu Plana uyğun fəaliyyət həyata keçirilir.

BDU kollektivi Vətən müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümü ərəfəsində müstəqil, qüdrətli, ərazi bütövlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etmiş qalib dövlətimizə, dövlət başçımızın müdrik siyasətinə xidmət göstərməyi hər zaman olduğu kimi bir daha özünün ən ali vəzifəsi hesab edir. Bu günlərdə dünya siyasətinin mərkəzi olan Vaşinqtonda – Ağ Evdə dövlət başçımızın apardığı diplomatik danışıqlar, keçirdiyi mühüm görüşlər, imzaladığı tarixi sənədlər hər birimizdə gələcəyə böyük inam yaradır. Cənab Prezidentimizin ardıcıl, yorulmaz, qətiyyətli, məqsədyönlü səyləri nəticəsində Ağ Evdə bölgəmizə əbədi əmin-amanlıq, rifah gətirəcək sülh sazişinin paraflanması yeni tədris ilinin başlanması ərəfəsində BDU kollektivində böyük ruh yüksəkliyi yaratmışdır.

Əminik ki, Ulu Öndərimiz Heydər Əliyevin hər zaman yüksək dəyər verdiyi, məzunu olmağı ilə fəxr etdiyi BDU möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən bəhrələnərək, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mənəvi dəyərlərə söykənən, müasir dövrün tələblərinə və qalib, qüdrətli Azərbaycan dövlətinin milli maraqlarına cavab verən kadrlar hazırlamaq missiyasını şərəflə davam etdirəcəkdir.

BDU-nun təsis edilməsinin 106-cı ildönümü münasibətilə Universitetimizin kollektivini, məzunlarımızı və əziz tələbələrimizi təbrik edirik!

 

Elçin Babayev

Bakı Dövlət Universitetinin rektoru

Xəbərlər

Bakı Dövlət Universiteti – 106

Bakı Dövlət Universiteti – 106
01/09/2025

BDU-da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələr keçirilib

BDU-da “Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması” layihəsinə dair metodoloji müzakirələr keçirilib
29/08/2025

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2025