BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

16/01/2026

2025-ci il ərzində Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrin inkişafını strateji prioritet kimi müəyyən edərək, müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələri və nüfuzlu beynəlxalq qurumları ilə əməkdaşlığını həm tədris, həm də elmi-tədqiqat sahələri üzrə genişləndirib. Bu əməkdaşlıqlar Universitetin qlobal akademik məkanda mövqeyinin möhkəmlənməsinə, elmin beynəlmiləlləşdirilməsinə və innovativ bilik istehsalının təşviqinə xidmət edib.

Beynəlxalq əməkdaşlığın mühüm nəticələrindən biri kimi BDU “Sustainability Impact Network” və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsi (International Sustainable Campus Network- ISCN) kimi nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunub. Bu üzvlük Universitetin dayanıqlı inkişaf, "yaşıl universitet" modeli və elmi məsuliyyət prinsipləri üzrə qlobal təşəbbüslərə qoşulmasını təmin etməklə yanaşı, BDU-nun beynəlxalq elmi platformalarda tanınmasını daha da artırıb.

İl ərzində imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Bakı Dövlət Universiteti ilə tərəfdaş xarici universitetlər arasında birgə elmi tədqiqatların aparılması, akademik heyətin qarşılıqlı səfərləri, elmi seminar və konfransların təşkili, eləcə də elmi nəşrlər sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bu proses Universitetin elmi potensialının beynəlxalq standartlara uyğun inkişafına və tədqiqat nəticələrinin qlobal elmi ictimaiyyətə inteqrasiyasına imkan yaradıb.

Beynəlxalq elmi əməkdaşlığın inkişafı çərçivəsində BDU alimləri xarici tərəfdaşlarla birlikdə prioritet elmi istiqamətlər üzrə tədqiqat layihələrində iştirak edir, müasir laboratoriya infrastrukturu və qabaqcıl elmi metodologiyalara çıxış imkanlarını genişləndirirlər. Bu əməkdaşlıq elmi nəticələrin beynəlxalq nüfuzlu jurnallarda dərc olunmasına, elmi bilik mübadiləsinin intensivləşməsinə və gənc tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyasına xidmət edir.

Akademik əməkdaşlıqla yanaşı, tələbəyönümlü beynəlmiləlləşmə siyasəti də davam etdirilib. Mübadilə və ikili diplom proqramları çərçivəsində tələbələr beynəlxalq akademik mühitdə təhsil almaq, fərqli elmi məktəblərlə tanış olmaq imkanı əldə ediblər.

Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi Çin Xalq Respublikasının Anhui Universiteti ilə “Optoelektronika”, “Yarımkeçirici cihazlar və texnologiyalar” və “Mikroelektronika və nanoelektronika” sahələri üzrə ikili magistr dərəcələrinin verilməsini nəzərdə tutan müqavilə imzalanıb. Bu əməkdaşlıq yalnız tədris deyil, eyni zamanda müvafiq sahələr üzrə birgə elmi tədqiqatların aparılmasını və elmi kadr hazırlığının gücləndirilməsini də əhatə edir.

Eyni zamanda, BDU tələbələri Qazaxıstanın Satbayev adına Milli Tədqiqat Texniki Universiteti, İsrailin Holon Texnologiya İnstitutu və Çinin Anhui Universiteti ilə həyata keçirilən ikili diplom proqramları çərçivəsində müxtəlif elmi və akademik mühitlərdə təhsil alaraq beynəlxalq tədqiqat təcrübəsi qazanırlar.

Ümumilikdə, 2025-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq akademik və elmi əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər Universitetin elmi-tədqiqat potensialının gücləndirilməsinə, təhsil keyfiyyətinin yüksəldilməsinə və BDU-nun dünya ali təhsil və elm məkanında nüfuzunun artırılmasına xidmət edir. Universitet qarşıdakı dövrdə də beynəlxalq elmi tərəfdaşlıqları genişləndirərək, qlobal bilik istehsalının fəal iştirakçısı olmağı hədəfləyir.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026