BDU alimləri Azərbaycan Elm Fondunun “İlin Alimi – 2025” müsabiqəsinin qalibidirlər
Bakı Dövlət Universitetinin (BDU) alimləri Azərbaycan Elm Fondu tərəfindən keçirilən “İlin Alimi – 2025” mükafat müsabiqəsinin hər iki kateqoriya üzrə qalibidirlər.
Belə ki, Universitetin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov müsabiqənin “Alim və tədqiqatçılar üçün”, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Lalə Qəhrəmanlı isə “Gənc alim və tədqiqatçılar (35 yaşadək) üçün” kateqoriyalarında I yerin qalibi olublar.
Professor Rasim Alosmanovun “Poli-2-dietilaminoetil metakrilatla modifikasiya olunmuş qrafen oksid əsaslı nanokompozitlə qida və su nümunələrindən kadmium və qurğuşunun Dispersion mikro-bərk fazadan ekstraksiya metodu ilə ayrılması və zənginləşdirilməsi” mövzusundakı məqaləsi “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan Q1 kvartilli «Food Chemistry» (İF: 9.8) jurnalında dərc olunub (https://www.sciencedirect.com/science/article/pii/S0308814624036586?via%3Dihub). Məqalədə qrafen oksidi və poli (2-dietilaminoetil) metakrilatdan ibarət nanokompozitin sintezi və tətbiqi haqqında məlumatlar verilib. Sintez prosesi səthin həyəcanlandırılması ilə atom ötürülməsi radikal polimerləşmə üsulundan istifadə etməklə həyata keçirilib. Nanokompozitin quruluş xüsusiyyətləri müasir metodlarla (FTIR, FE-SEM, TGA, BET и XRD) müəyyənləşdirilib. Nümunə vasitəsilə dispersiya mikro-bərk fazadan ekstraksiya metodu ilə qida və suda kadmium, qurğuşun kimi metalların ayrılması və zənginləşdirilməsi aparılıb. Nəticədə nanokompozit toksiki metallar üçün effektli adsorbent hesab oluna bilər.
Lalə Qəhrəmanlının “Öz-özünü enerji ilə təmin edən ötürücü xətt monitorinq sistemləri üçün Nylon/Fe₃O₄ nanokompozit əsaslı triboelektrik nanogeneratorların hazırlanması” mövzusundakı məqaləsi isə “Web of Science” və “Scopus” beynəlxalq elmmetrik bazasına daxil olan 14.1 impakt faktora malik Q1 kvartil kateqoriyalı “Energy & Environmental Materials” jurnalında dərc olunub (https://doi.org/10.1002/eem2.12880). Tədqiqatın əsas məqsədi maqnit sahəsinin dəyişməsi nəticəsində nanokompozit materiallarda yaranan mexaniki titrəyişlərdən istifadə etməklə elektrik enerjisinin əldə edilməsi və bunun əsasında elektrik ötürücü xətlərinin monitorinqi üçün xarici enerji mənbəyinə ehtiyac olmadan innovativ sistemlərin yaradılması olub. Nəticələrə görə, Fe₃O₄ maqnit nanohissəciklərinin neylon polimer matrisinə daxil edilməsi triboelektrik nanogeneratorların (TENG) açıq dövrə gərginliyi və qısaqapanma cərəyanı kimi əsas çıxış parametrlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Alimlərimizi təbrik edir, elmi fəaliyyətlərində uğurlar arzulayırıq!
