BDU doktorantı III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumunda çıxış edib
25-27 may tarixlərində Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə Türkiyənin Niğde Universiteti, Qazaxıstanın Qazax Dövlət Qızlar Pedaqoji Universiteti, Rusiyanın (Ufa) M.Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti, Qırğızıstanın Mahmud Kaşğari-Barskani adına Şərq Universiteti və Bakı Dövlət Universitetinin tabeliyində olan Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə III Beynəlxalq “Türk Dünyası Araşdırmaları” simpoziumu keçirilib.
Simpoziumun açılış mərasimində Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, Niğde Universitetinin rektoru, professor Adnan Görür və digərləri çıxış edərək simpoziumun əhəmiyyətindən bəhs ediblər.
III Beynəlxalq simpoziuma 13 ölkədən 500-dən çox elmi məqalə göndərilib, təşkilat komitəsi tərəfindən 412 məqalə bəyənilərək çapa tövsiyə edilib. Simpoziumun materialları 4 cilddə çap olunaraq iştirakçılara təqdim edilib. Üç gün davam edən simpoziumda türk dünyasının tədqiqatçı-alimləri dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, gender problemləri kimi mövzular üzrə elmi araşdırmalarını təqdim ediblər. Açılış mərasimində müxtəlif türk dövlətlərini təmsil edən universitet tələbələrinin öz mədəniyyətlərini nümayiş etdirən “Kökümüz Bir Türkük” festivalı təşkil olunub. BDU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Ayşən Sadıqlı da tədbirdə iştirak edib. O, Bakı Dövlət Universitetini uğurla təmsil edərək sertifikatla təltif edilib.
Xatırladaq ki, Beynəlxalq Türk Dünyası Araşdırmaları simpoziumu ilk dəfə 2014-cü ildə Türkiyədə, 2-ci simpozium Qazaxıstanda, 3-cu simpozium isə Bakıda keçirilib. Mayın 27-də Bakı Avrasiya Universitetində universitetlərarası memorandum imzalanıb və 2017-ci ildə IV Beynəlxalq Simpoziumun Qırğızıstanın Mahmud Kaşğari-Barskani adına Şərq Universitetində təşkil ediləcəyi vurğulanıb.
Mətbuat və informasiya şöbəsi, 01 iyun 2016-cı il.