BDU doktorantları UNESCO-nun III Qlobal MAB Gənclər Forumunda iştirak ediblər

26/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin doktorantları Tahir Yunuslu və Ramil Həsənov UNESCO-nun “İnsan və Biosfer” (MAB) Proqramı çərçivəsində İtaliyanın Po Delta və Euganean Hills Biosfer Qoruqlarında keçirilən III Qlobal MAB Gənclər Forumunda iştirak ediblər. “İstədiyimiz Gələcəyə Sadiqik” şüarı altında təşkil olunan forum 109 ölkədən 200-dən çox gənci bir araya gətirib.

Forum çərçivəsində biosfer qoruqlarında dayanıqlı inkişaf, biomüxtəlifliyin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə, ekoloji maarifləndirmə, yaşıl iqtisadiyyat, mədəni irsin mühafizəsi və gənclərin qərarqəbuletmə proseslərində iştirakının artırılması istiqamətində geniş müzakirələr aparılıb. İştirakçılar müxtəlif işçi qruplarında beynəlxalq təcrübə mübadiləsi həyata keçirərək biosfer ərazilərində tətbiq olunan dayanıqlı idarəetmə modelləri və ekoloji təşəbbüslərlə yaxından tanış olublar.

BDU doktorantları forumun müxtəlif sessiyalarında Azərbaycanın Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri üzrə apardıqları tədqiqatlar haqqında məlumat veriblər. Eyni zamanda, xarici həmkarlarının biomüxtəlifliyin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə, yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələri, invaziv növlərlə mübarizə və ekoturizm sahəsində beynəlxalq təcrübələri ilə tanış olublar.

Çıxışlar zamanı doktorantlar Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası və qorunması istiqamətində qonşu dövlətlərlə həyata keçirilən əməkdaşlıqlar, yeni istifadəyə verilmiş külək və Günəş elektrik stansiyalarının fəaliyyəti, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası” elan olunması barədə iştirakçılara məlumat təqdim ediblər.

Forum çərçivəsində “Po Delta Emilia-Romagna”, “Euganean Hills” və “Po Delta Veneto” biosfer qoruqlarına sahə səfərləri də təşkil olunub. Səfərlər zamanı yerli mütəxəssislər tərəfindən regionun biomüxtəlifliyi, təbii və mədəni irsi, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və ekoturizm sahəsində həyata keçirilən fəaliyyətlər barədə təqdimatlar keçirilib.

Tədbirin yekununda iştirakçılar tərəfindən “Po Delta Youth MAB Declaration” və “Youth MAB Roadmap 2026–2035” sənədləri hazırlanaraq təqdim olunub. Sənədlərdə gənclərin biosfer qoruqlarının idarə olunmasında iştirakının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin təşviqi prioritet istiqamətlər kimi vurğulanıb.

III Qlobal MAB Gənclər Forumu müxtəlif ölkələrdən olan gənclər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, yeni təşəbbüslərin formalaşdırılması və UNESCO-nun "MAB Youth" şəbəkəsinin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Xəbərlər

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026

BDU doktorantları UNESCO-nun III Qlobal MAB Gənclər Forumunda iştirak ediblər

BDU doktorantları UNESCO-nun III Qlobal MAB Gənclər Forumunda iştirak ediblər
26/05/2026