BDU Elmi Şurasının növbəti iclası
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Universitet kollektivini qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq arzulayıb.
Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2021-ci ildə BDU-da tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi haqqında hesabat təqdim edib. Bildirib ki, BDU-da tədrisin idarə edilməsi sadələşdirilərək təkmilləşdirilir. Bu məqsədlə Tədrisin Təşkili və İdarəolunması Mərkəzi yaradılıb. BDU-da 16 fakültə və SABAH Mərkəzində ümumilikdə 83 ixtisas üzrə kadr hazırlanır. Universitetin professor-müəllim heyətinin sayı 1359 nəfərdir. Onlardan 238 nəfəri professor, 613 nəfəri dosent, 408 nəfəri isə tədris-köməkçi heyətdir. BDU-da bakalavriat səviyyəsində 21215 tələbə təhsil alır. BDU tələbələrinin 55 nəfəri Prezident təqaüdçüsüdür. Tələbələrdən 4693 nəfər əlaçı (30 faiz), 5528 nəfər (36 faiz) həvəsləndirici, 5212 nəfər (34 faiz) adi təqaüd alır. Fərda İmanov bildirib ki, hazırda ənənəvi təlimlə yanaşı, tədris prosesində innovativ metodlar tətbiq olunur və bu metodlar tələbənin intellektual-yaradıcı potensialının istifadəsinə yönəlir.
Daha sonra BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 2021-ci il üzrə hesabatı təqdim olunub. İnstitutun direktoru Sədiyar Musayev qeyd edib ki, ETİ-də Kondensə olunmuş hal fizikası, Nəzəri fizika və Biofizika şöbələri fəaliyyət göstərir. Hesabat ilində elmi-tədqiqat işlərində İnstitutun 64 nəfər əməkdaşı iştirak edib. Ötən il ETİ əməkdaşları tərəfindən 130 elmi əsər çap etdirilib, 10 elmi nəticə əldə edilib.
Elmi Şuranın sonunda cari məsələlərə baxılıb.