BDU ilə ADU anlaşma memorandumu imzalayıb

02/04/2012

Bu gün Bakı Dövlət və Azərbaycan Dillər Universitetləri arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov imzalayıblar. Rektor Abel Məhərrəmov dövlətin təhsil və elmə qayğısından, prezident İlham Əliyevin hər 3 sərəncamından birinin elm və təhsilin, gəncliyin inkişafı ilə bağlı oldugundan danışıb. Memorandumun əsas strategiyasının tələbələrin mobilliyinin artmasına imkan yaratmaq olduğunu bildirən A.Məhərrəmov deyib ki, qlobal cəmiyyətə inteqrasiya etmədən öncə daxilə inteqrasiya etmək daha vacibdir. Rektorun sözlərindən məlum olub ki, memoranduma əsasən, Boloniya prosesinə uyğun olaraq tələbələrin mübadiləsi və kreditlərin alınması, pedaqoji və elmi işçilərin, doktorantların müvafiq fakültələrdə, kafedralarda və tədqiqat laboratoriyalarında staj keçməsinin təşkili, yeni texnika və texnologiyaların mübadiləsi, qabaqcıl, inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı nəzərdə tutulub. Rektor onu da əlavə edib ki, bu gün dünyada gedən qloballaşma prosesində dünya xalqlarının inteqrasiyası, beynəlxalq dillərin tədrisinin yüksək səviyyədə olmadığı şəraitdə mümkün deyildir. Bu baxımdan, xüsusən, ali təhsil alan gənclərin dünyanın aparıcı dillərini öyrənməsi zəruridir. Bütün bunları nəzərə alaraq universitetdə xarici dillərinin tədrisini təkmilləşdirmək və tələbələrdə mükəmməl dilbilmə vərdişlərini aşılamaq, bununla əlaqədar ölkəmizdə dilin tədrisi sahəsində böyük təcrübəyə malik olan Azərbaycan Dillər Universitetinin imkanlarından yararlanmaq istərdik. Daha sonra rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı aparılan islahatlar haqqında da məlumat verib. Məlum olub ki, universitetin əksər fakültələrində ingilis dilli qruplar var və həmin qruplarda bütün dərslər yalnız ingilis dilində keçirilir.

ADU-nun rektoru, professor Səməd Seyidov BDU-ya gəlişini və belə bir anlaşmanın imzalanmasını fəxarətverici hadisə hesab edib. Bu anlaşmanın təhsil tarixinə təkanverici amil kimi yazılacağını deyən S.Seyidov BDU ilə tanışlıqdan sonra onu bir daha kəşf etdiyini, Azərbaycan təhsilinin, elminin, tarixinin, dilçiliyinin məhz bu ali təhsil ocağı ilə bağlı olduğunu deyib. Rektor bildirib ki, imzalanmış anlaşma memorandumu kağız üzərində qalmayacaq, Azərbaycan elminə, təhsilinə böyük dəstək və töhfələr verəcək.

Mətbuat və İnformasiya şöbəsi, 2 aprel 2012-ci il





Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024