BDU ilə Kalmık Dövlət Universiteti arasında müqavilə imzalanıb
Bu gün Rusiyanın Kalmık Dövlət Universitetinin rektoru Salayev Badma Katinoviç Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib. Kalmık Universitetinin rektoru da öz növbəsində rəhbərlik etdiyi təhsil ocağından danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Sonda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar – Abel Məhərrəmov və Salayev Badma Katinoviç müqavilənin yaxın vaxtlarda nəticə verəcəyinə inandıqlarını qeyd ediblər. Mərasimindən sonra qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olub.
Görüşdə Dağıstan Dövlət Universitetinin (DDU) rektoru Murtazali Rabadanov da iştirak edib. Qeyd edək ki, DDU və BDU arasında ikitərəfli əməkdaşlığa dair müqavilə 2009-cu ildə imzalanıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi, 13 oktyabr 2012-ci il.