BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) Litvanın Vilnüs Gediminas Texniki Universitetinin rektoru Romualdas Kliukasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının təşəbbüsü ilə təşkil olunub. Akademiyanın rəhbəri İmran Muxtarov da görüşdə iştirak edib.
BDU-nun rektoru Məleykə Abbaszadə kompüter elmləri, kibertəhlükəsizlik, yüksək texnologiyalar, dayanıqlı inkişaf, ekologiya və nanofizika sahələrində iki universitet arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Rektor BDU-nun yüksək göstəricilərə malik ixtisasları barədə məlumat verib və bir sıra sahələr üzrə müəllim mübadiləsinin həyata keçirilməsini təklif edib.
Görüşdə birgə elmi tədqiqatların aparılması, elmi məqalələrin hazırlanması və dərc edilməsi, yay məktəbləri və konfransların təşkili, akademik təcrübə mübadiləsi, universitetlərlə sənaye arasında əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq layihələrdə iştirak imkanları müzakirə olunub.
BDU ilə “Azərkosmos” arasında astrofizika və kosmik tədqiqatlar üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Qeyd olunub ki, 2023-cü ildən bəri BDU-nun 21 tələbəsi Beynəlxalq Astronavtika Konqresində Azərbaycan Milli Elmi Komandasının tərkibində iştirak edib. Yaxın günlərdə BDU tələbələrinin elmi tədqiqatlara cəlb olunması üçün layihə təkliflərinin “Azərkosmos”la müzakirə edilməsi nəzərdə tutulur.




