BDU komandası beynəlxalq CanSat müsabiqəsində III yeri qazanıb

21/10/2026

Bakı Dövlət Universitetinin (BDU) komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən V ICESCO Beynəlxalq CanSat Təlim Seminarı və Aerokosmik Simpoziumu çərçivəsində təşkil olunan beynəlxalq müsabiqədə III yeri qazanıb. Doqquz ölkədən iştirakçıların qatıldığı müsabiqədə BDU komandası hazırladığı CanSat modeli ilə uğurlu nəticə əldə edib.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi və yerli akademik tərəfdaşların əməkdaşlığı ilə təşkil olunan proqram kosmik texnologiyalar sahəsində praktiki bacarıqların inkişafına və beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.

BDU-nun əməkdaş və tələbələri - Emil Hüseynov, Mirağa Əliyev və Tahir Əliyev oktyabrın 17-dən etibarən proqram çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər. Təlimlər zamanı onlar peyk sistemlərinin layihələndirilməsi, mikrokontrollerlərin proqramlaşdırılması, sensor və rabitə modullarının inteqrasiyası, telemetriya və məlumatların təhlili üzrə praktiki biliklər əldə ediblər. Komanda qazandığı bilikləri tətbiq edərək öz CanSat modelini hazırlayıb və müsabiqəyə təqdim edib.

CanSat real peykin əsas sistem və funksiyalarını kiçikölçülü qurğuda modelləşdirən texnologiyadır. Onun hazırlanması elektronika, proqramlaşdırma və konstruksiya üzrə biliklərin kompleks şəkildə tətbiqini tələb edir. Müsabiqənin sınaq mərhələsində BDU komandasının hazırladığı model raketlə havaya qaldırılaraq yüksək hündürlükdən buraxılıb, eniş zamanı müxtəlif fiziki parametrlər üzrə ölçmələr aparıb və məlumatlar toplayıb.

Proqramda iştirak əməkdaş və tələbələrin kosmik texnologiyalar sahəsində bilik və təcrübələrinin artırılmasına, eləcə də gələcək elmi-texniki təşəbbüslərin və beynəlxalq əməkdaşlığın inkişafına imkan yaradır.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026