BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır

23/09/2020

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, ali təhsil sahəsində də köklü islahatlar aparılmış, cəmiyyətin yeni sifarişlərinin, ehtiyaclarının və tələbatlarının ödənilməsi məqsədi ilə yeni ali təhsil müəssisələri və təhsil formaları yaradılmışdır. Bu müəssisələrin bir çoxunun fəaliyyəti müasir standartlara uyğun qabiliyyətlərin formalaşdırılmasına istiqamətlənmişdir. Bu da ali təhsilin Avropa və dünya təhsil məkanına sürətli inteqrasiyası üçün əlverişli zəmin yaratmışdır. Son illər ali təhsilin Avropa və dünya təhsil məkanına inteqrasiyası məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

Bakı Dövlət Universiteti (BDU) ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. Ölkədə yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması, Universitetin dünya təhsil məkanına inteqrasiya yolunu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat və magistratura səviyyəsində kadr hazırlığı həyata keçirilir, təhsil alan tələbələrin sayı isə 24 mindən çoxdur. Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən, 1500 nəfərlik professor-müəllim heyəti məşğul olur. Onlardan 300 nəfərə yaxını elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. İldən-ilə BDU-da təhsil almaq istəyən tələbələrin sayı artır. Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

Bu gün təhsil islahatlarının önündə gedən Bakı Dövlət Universitetinin kollektivi Avropaya sürətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edəcək yüksəkixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir. Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.

Bu ilin mart ayından etibarən dünyanın əsas mövzularından biri olmaqda davam edən koronavirus (COVID-19) pandemiyası ali təhsil sistemi qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Ənənəvi tədris prosesinin dayandırılması ilə əlaqədar universitetlər yaranmış şəraitdə məsafədən təhsilin tətbiqi yolunu seçdi, təhsilin fasiləsizliyinin təmin olunmasını özünün prioritet vəzifəsi kimi həyata keçirməyə başladı. Bu prosesə Azərbaycanın ali təhsil müəssisələri də çevik adaptasiya olundular. İnfeksiya səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi BDU üçün də ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etdi.

Bakı Dövlət Universiteti 2020/2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb, məsafədən dərslərin artıq ikinci həftəsinə start verilib. Pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq problemlərin qarşısını almaq məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlərdə bütün müəllimlərin iştirakı təmin olunub. Təlimlər təqdimatların hazırlanması və ekran paylaşımlarının təşkili, test tapşırıqlarının hazırlanması və paylaşılması, dərsin təşkili və idarə edilməsi, elektron jurnal, tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili kimi  mövzuları əhatə edib.

Ümumiyyətlə, BDU-nun rəhbərliyi professor-müəllim heyətinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını daima diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Eyni zamanda Universitetdə onlayn təhsilin təşkilinin texniki təminatını həyata keçirən, yarana biləcək texniki problemlərin həlli ilə məşğul olan texniki heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Dövlətimiz daima ölkənin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin inkişafına dəstək verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.

Əlimusa İbrahimov,

BDU-nun Beynəlxalq münasibərlər və iqtisadiyyat fakültəsinin baş müəllimi,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Xəbərlər

Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!

Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!
09/11/2024

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024