BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar. Səfərin məqsədi tələbə və məzunların əmək bazarına daha effektiv hazırlanması, praktik bacarıqlarının inkişaf etdirilməsi, müasir bank və maliyyə sektoru üzrə biliklərinin genişləndirilməsi, real iş mühiti ilə inteqrasiyasının gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlara təqdim olunan xidmətlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, mümkün əməkdaşlığın prioritet istiqamətləri sırasında qeyri-maliyyə ixtisaslarında təhsil alan tələbələrin maliyyə savadlılığının artırılması məqsədilə təlimlərin, rəqəmsal maliyyə və bankçılıq bacarıqlarının inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, “Rabitəbank”ın mütəxəssislərinin iştirakı ilə mentorluq təşəbbüslərinin reallaşdırılması, tələbə və məzunlar üçün istehsalat təcrübəsi və məşğulluq imkanlarının yaradılması yer alır. Bununla yanaşı, karyera günləri, seminarlar, digər birgə maarifləndirici tədbirlərin təşkili də nəzərdə tutulur.
“Rabitəbank” ASC-nin İnsan resursları departamentinin təlim və inkişaf şöbəsinin rəisi Nərminə Sultanova universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bank sektoru sürətlə rəqəmsallaşır və bu proses kadr hazırlığında yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, müasir bankçılıq artıq təkcə maliyyə bilikləri ilə məhdudlaşmır, analitik düşüncə, rəqəmsal savadlılıq, komandada işləmək bacarığı və müştəriyönümlü yanaşma kimi kompetensiyaları da zəruri edir. O, bank əməkdaşlarının universitetdə mentor qismində çıxış etməyə hazır olduqlarını, tələbələr üçün real bank keysləri əsasında praktiki seminar və müsabiqələrin təşkilinin faydalı olacağını diqqətə çatdırıb.
Sonda tərəflər birgə layihələrin reallaşdırılması barədə razılığa gəliblər.

