BDU rektorunun tədrisin təşkili ilə bağlı müəllim və tələbələrə müraciəti

20/11/2020

Əziz müəllimlər, tələbələr,

Artıq bir neçə gündür ki, biz Böyük Qələbənin sevincini yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük müharibə nəticəsində misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə işğal altında olan tarixi ərazilərimizi azad etdi.

30 illik intizara və həsrətə son qoyuldu. Buna görə hər birimiz əsgərlərimizə, zabitlərimizə, Azərbaycan Prezidentinə borcluyuq! 44 gün müddətində Ali Baş Komandanın dəmir iradəsi və qətiyyəti, onun “Qarabağ Azərbaycandır!” devizi altında xalqa etdiyi çoxsaylı müraciətlər, bir sıra xarici ölkələrin televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi çoxsaylı müsahibələr əhalidə və ordumuzda böyük ruh yüksəkliyinin, indiyə qədər bu səviyyədə görünməmiş xalq-iqtidar birliyinin yaranmasında, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında, hərbi cəbhə ilə yanaşı siyasi və ideoloji arenada da qələbə çalmağımızda  əvəzsiz rol oynamışdır.

Bu müharibədə BDU ailəsinin hər bir üzvü də həm ön cəbhədə, həm də arxa cəbhədə fəallıq göstərərək əlindən gələni əsirgəməmişdir. Mən hər birimizi qələbə münasibətilə təbrik edir, ölkəmizə əmin-amanlıq arzulayıram.

 

Əziz müəllimlər, tələbələr!

Hərbi və siyasi sahədə əldə edilən bu möhtəşəm qələbə ilə yanaşı, təəssüf ki, digər cəbhədə - görünməyən düşmənlə mübarizəmiz hələ də davam edir. Dünyanı cənginə almış COVİD-19 pandemiyası ilə mübarizə sahəsində ölkə Prezidentinin uzaqgörənliklə vaxtında verdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər, zəruri infrastrukturun və tibbi bazanın yaradılması, genişləndirilməsi və gücləndirilməsi ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malik olmuşdur.

Lakin bütün bu tədbirlərə baxmayaraq son günlər, bütün dünyada olduğu kimi, Azərbaycanda da infeksiyaya yoluxanların sayı gündən-günə artmaqda davam edir. Bildiyiniz kimi, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən karantin müddətinin cari ilin dekabr ayının 28-nə qədər uzadılması və daha da sərtləşdirilməsi barədə müvafiq qərar qəbul edilmişdir.

Bu səbəbdən biz də cari semestrin axırınadək tədris prosesini onlayn qaydada davam etdirməyə məcburuq. Ümid edirəm ki, sizin hər biriniz buna anlaşıqlı yanaşaraq tədris prosesinin səmərəli davam etdirilməsinə, Operativ Qərargah tərəfindən elan edilən tövsiyələrə və karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə bu sahədə də əhəmiyyətli uğurların əldə edilməsinə və qısa müddətdə ölkəmizdə epidemioloji vəziyyətin stabilləşməsinə töhvə verəcəksiniz.

Unutmayaq ki, biz birlikdə güclüyük və bu birlik və həmrəylik pandemiya ilə mübarizə cəbhəsində də qələbəyə aparan yolda bizim əsas güc mənbəyiniz olacaqdır.

Tanrı ölkəmizi, xalqımızı, Prezidentimizi qorusun.

Hörmətlə,

Elçin Babayev,

BDU-nun rektoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024