BDU Şərqşünaslıq fakültəsinin tələbələri Vətən Müharibəsində iştirak etmiş məzunlarla görüşdü
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri ilə Vətən Müharibəsində iştirak etmiş məzunlar arasında onlayn görüş keçirilib.Tədbirdə Vətən Müharibəsində iştirak edən fakültənin Regionşünaslıq (İran üzrə) ixtisası üzrə məzunu Fuad Mənsimov və Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisası üzrə məzunu Kamil Allahverdiyev iştirak ediblər.
Görüşdə Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Moderator, fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli Vətən Müharibəsi haqqında məlumat verib, 44 günlük müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun apardığı haqq-ədalət savaşı, işğal altında olan torpaqlarımızın əzəli və əbədi sahiblərinə geri qaytarılmasından bəhs edib. Azad edilən hər qarış torpağımızın Azərbaycan əsgərinin canı, qanı ilə yazılmış qəhrəmanlıq səlnaməsi olduğunu diqqətə çatdırıb. O, Vətən Müharibəsində iştirak etmiş tələbə və məzunlarımız ilə tanışlığın, onların vətənpərvərlik haqqında fikirlərinin gənclər arasında yayılmasının əhəmiyyətindən danışıb.
BDU-nun Gənclər və Humanitar məsələlər şöbəsinin müdiri Ramin Səmədov ölkədə aparılan uğurlu gənclər siyasətinin Vətən Müharibəsi zamanı doğurduğu müsbət nəticələr, Universitet tələbələrinin müharibənin ön cəbhəsində göstərdiyi qəhrəmanlıqlar barədə söz açıb, gələcəkdə bu tip görüşlərin daim olacağı, növbəti nəsillərin də Vətən Müharibəsi haqqında məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Fakültənin məzunu, "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin rəhbəri Fuad Mənsimov müharibədə keçdiyi yol, 44 günlük dövrü əhatə edən zamanda mənəvi-psixoloji hazırlıq, qələbənin mahiyyəti, düşmən üzərində parlaq qalibiyyətə aparan yolun çətinliyi və şərəfi barədə təəssüratlarını bölüşüb.
Fakültənin digər məzunu, döyüş iştirakçısı Kamil Allahverdiyev isə döyüş yolu, ordumuzun göstərdiyi şücaət, düşmənin öz ölkəsinə qədər qovulması, müdafiə sədlərinin məhv edilərək müqavimətin qırılması, keçən dövr ərzində əhval-ruhiyyə barədə tələbələri məlumatlandırıb, müharibə xatirələrini bölüşüb.