BDU tələbələri “Xəzər həftəsi“ ilə əlaqədar tədbirdə iştirak ediblər
Dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.Dünyada olduğu kimi ölkəmizdə də “Beynəlxalq dəniz günü”nün yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına əsasən 2017-ci ilin 25-30 sentyabr tarixlərində “Xəzər həftəsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında iməciliklərin keçirilməsi, Xəzərin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər mövzusunda dəyirmi masaların, seminarların təşkil olunması və ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.25 sentyabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Töhfə Mehdiyevanın rəhbərliyi ilə tələbələrin iştirak etdiyi görüşdə Xəzərin ekoloji problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi uğurlu siyasət, qarşıda duran vəzifələr, eləcə də ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat, davamlı inkişaf və s. mövzularda tədbir iştirakçılarına məlumat verilib, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi, 25 sentyabr 2017-ci il.