BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb

20/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında innovativ geofiziki tədqiqat üsullarının rolu və geoloji kəşfiyyat mərhələləri” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin məqsədi tələbələrin geoloji elmlər üzrə nəzəri biliklərinin praktiki tətbiqini gücləndirmək, innovativ tədqiqat metodları və faydalı qazıntı yataqlarının axtarışında müasir geofiziki üsulların əhəmiyyəti barədə biliklərini artırmaq olub.

Təlimdə “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun aparıcı mütəxəssisi Elfaq Məmmədov və İnsan resurslarının idarəolunması şöbəsinin İnsan resursları üzrə biznes tərəfdaşlığı sektorunun mütəxəssisi Əminə Məmmədova geofiziki tədqiqatların faydalı qazıntıların aşkarlanmasında rolu, geoloji kəşfiyyat prosesində tətbiq edilən innovativ texnologiyalar, müasir avadanlıq və proqram təminatları barədə məlumat veriblər. Onlar həmçinin geofiziki məlumatların təhlilinin vacibliyini, nəticələrin interpretasiyası zamanı nəzərə alınmalı geoloji xüsusiyyətləri və bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasının strateji əhəmiyyətini vurğulayıblar.

Təlim zamanı tələbələrə geoloji kəşfiyyat prosesinin əsas mərhələləri – ilkin axtarış, qiymətləndirmə, kəşfiyyat və istismaröncəsi hazırlıq mərhələləri haqqında məlumat təqdim olunub. Natiqlər bu mərhələlərdə aparılan geofiziki ölçmələrin növləri (maqnitometriya, seysmik, gravimetriya və elektromaqnit üsulları), toplanan məlumatların təhlil prinsipləri barədə danışıblar.

Tədbirdə tələbələr geologiya sahəsində karyera imkanları, peşəkar inkişaf istiqamətləri, “AzerGold” QSC-də gənc mütəxəssislər üçün təcrübə və inkişaf proqramları barədə suallar ünvanlayıblar. Qonaqlar tələbələrin suallarını cavablandıraraq öz təcrübələrini, sahədəki real iş şəraitini və uğurlu karyera qurmağın yollarını bölüşüblər.

Xəbərlər

BDU-da “Karyerada ilk addım” adlı təlim

BDU-da “Karyerada ilk addım” adlı təlim
20/10/2025

BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb

BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb
20/10/2025

BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş 

BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”nda tələbələrlə görüş
20/10/2025