BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

07/05/2024

Bakı Dövlət Universitetinin (BDU) “BDU könülləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə “İnformasiya təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə BDU-nun İnformatika kafedrasının müdiri Mübariz Xəlilov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının hüquqşünası Təbriz Cəfərov, Araşdırma və tədqiqat şöbəsinin məsləhətçisi Vüqar Qədimov iştirak edib.

Təlim zamanı informasiya hüququnun əsasları, informasiya müharibəsi, kiberhüququn mənbələri, informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamətləri haqqında məruzələr edilib. Bildirilib ki, Azərbaycan 2009-cu ildə “Kibercinayətkarlıq haqqında” Konvensiyanı ratifikasiya edib. Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, informasiya infrastrukturlarından istifadə edən subyektlərin hüquqlarının və qanuni maraqlarının qorunmasını, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Kibertəhlükəsizlik sahəsində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” reytinqində 194 ölkə arasında 40-cı yerdə qərarlaşıb. Ötən il isə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” qəbul edilib. Strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024