BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə IV kurs tələbələrinin Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübələri uğurla davam edir.
Təcrübə institutun şöbə və laboratoriyaları ilə tanışlıqla başlayıb. Daha sonra tələbələr Aqrotexnologiya şöbəsində açıq və örtülü sahələrdə tərəvəz və bostan bitkilərinin becərilməsi zamanı torpağın seçilməsi və əkinə hazırlanması (gübrələnmə, şumlanma, malalanma, şırımlanma, su kanallarının açılması və s.), səpin və əkin prosesləri, aqrotexniki qulluq qaydaları ilə tanış olublar.
Seleksiya şöbəsində ilkin materialın seçilməsi, müxtəlif seleksiya metodları vasitəsilə yeni sort və hibridlərin əldə olunması, Toxumçuluq şöbəsində isə yerli və rayonlaşmış sortların ilkin toxumçuluğu barədə məlumat verilib. İstixana tərəvəzçiliyi şöbəsində pomidor, bibər, badımcan, xiyar və kahı bitkilərinin örtülü şəraitdə becərilmə texnologiyası, seleksiyası və toxumçuluğu öyrədilib.
Funksional analizlər laboratoriyasında bitkilərin gübrələmə rejimləri, fizioloji göstəriciləri, torpaq, bitki və su analizləri, aqrokimyəvi maddələrin qalıqlarının təyini həyata keçirilib. Emal, saxlama və keyfiyyət laboratoriyasında məhsulların müasir üsullarla emalı, qurudulması və konservləşdirilməsi prosesləri nümayiş etdirilib.
Bitki mühafizəsi laboratoriyasında zərərli orqanizmlərə qarşı aqrotexniki, fiziki, kimyəvi və bioloji mübarizə üsulları, Aqrobiotexnologiya laboratoriyasında isə apikal meristem üsulu ilə kartofun mikroklonal artırılması və sağlam xətlərin əldə olunması prosesi izah edilib. Kartofçuluq şöbəsində yeni sortların yaradılması və becərilmə texnologiyası tələbələrə təqdim olunub.
Tələbələrin xüsusi marağına səbəb olan Funksional analizlər laboratoriyasında müasir cihazlar vasitəsilə müxtəlif analizlər aparılıb. Belə ki, İCP-OES cihazı ilə bitki, torpaq və su nümunələrində makro və mikroelementlərin təyini, qaz və maye xromatoqrafiya cihazları ilə pestisid qalıqlarının müəyyənləşdirilməsi, həmçinin tərəvəz bitkilərində quru maddə, şəkər, nişasta, nitrat və digər göstəricilərin analizi həyata keçirilib. Su nümunələrində isə nitrit, sulfat və xlorid ionlarının təyini üzrə analizlər aparılıb.
Təcrübə müddətində institut əməkdaşları tələbələrlə yaxından işləyərək onların suallarını cavablandırıb, praktiki biliklərinin artırılmasına dəstək göstəriblər.





