BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

22/09/2026

2026/2027-ci tədris ilinin payız semestrindən etibarən Bakı Dövlət Universitetinin (BDU) bir sıra ixtisas və ixtisaslaşmaları üzrə təhsil alan tələbə və magistrantlar müəyyən fənləri “SABAH.city”də keçəcəklər.

BDU-nun “Fizika” ixtisasının “Nanofizika və nanotexnologiyalar” və “Tətbiqi fizika (yarımkeçiricilər və dielektriklər fizikası)”, “Biologiya” ixtisasının “Molekulyar biologiya” və “Mikrobiologiya” ixtisaslaşmaları üzrə magistrantları, həmçinin “Biologiya” və “Biotexnologiya” ixtisasları üzrə təhsil alan tələbələri üçün bir sıra fənlərin “SABAH.city”də tədrisi nəzərdə tutulur.

Bununla bağlı qərar BDU Elmi Şurasının 2026/2027-ci tədris ilində keçirilən ilk iclasında qəbul edilib.

Tədrisin “SABAH.city”də təşkili burada formalaşdırılmış müasir elmi-tədqiqat və innovasiya infrastrukturu ilə bağlıdır. Şəhərcikdə fəaliyyət göstərən BDU-nun tədris və tədqiqat laboratoriyaları nanofizika, nanobiologiya, biotexnologiya, kimya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə nəzəri biliklərin praktik və tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsi üçün geniş imkanlar açır. Eyni zamanda, universitetlərin, tədqiqat strukturlarının, texnologiya şirkətlərinin və startapların vahid innovasiya mühitində bir araya gəlməsi tələbələrin müasir elmi yanaşmalar, qabaqcıl texnologiyalar və tətbiqi tədqiqatlarla daha yaxından tanış olmasına şərait yaradır.

Bu imkanlardan istifadə olunması tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, nəzəri biliklərinin praktik fəaliyyətlə möhkəmləndirilməsinə və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyalar qazanmalarına xidmət edəcək.

Eyni zamanda, “SABAH Academy” ilə əldə olunmuş razılaşmaya əsasən, BDU-da xaricdən dəvət olunan müəllim və mütəxəssislərin iştirakı ilə 100 tələbə üçün bir semestr müddətində “Sahibkarlığa giriş” kursu təşkil ediləcək.

Kursun əsas məqsədi tələbələrdə sahibkarlıq düşüncəsinin və innovativ yanaşmanın formalaşdırılması, biznes ideyalarının layihəyə çevrilməsi üçün zəruri bilik və bacarıqların inkişaf etdirilməsidir.

Bu təşəbbüslər BDU-da tədrisin müasir elmi və texnoloji inkişaf tendensiyalarına uyğunlaşdırılması, tələbələrin innovasiya və tədqiqat ekosisteminə daha fəal inteqrasiyası, eləcə də elm, təhsil və sahibkarlıq arasında əlaqələrin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026