BDU tələbələrinin nəzərinə!

23/02/2026

İsrailin Hayfa Universiteti aşağıdakı magistratura proqramları üzrə tələbə müraciətlərini (bakalavr və magistr) qəbul edir:

“Dəniz sivilizasiyaları (Maritime Civilizations)” üzrə magistr proqramı (1 yer): “Dəniz sivilizasiyaları (Maritime Civilizations)” arxeologiya sahəsi üzrə ixtisaslaşmış, dəniz və sahil mühitində formalaşmış cəmiyyətlərin maddi mədəniyyətinin, iqtisadiyyatının və sosial strukturlarının elmi-arxeoloji metodlarla tədqiqinə yönəlmiş magistr proqramıdır. Məzunlara humanitar elmlər sahəsi üzrə magistr dərəcəsi veriləcək. Təhsil müddəti 1+1 il olan proqramın əsas istiqaməti dəniz arxeologiyası, sahil arxeologiyası və sualtı arxeoloji tədqiqatlar üzərində qurulub. Tədris prosesi dənizlə bağlı arxeoloji abidələrin – liman qurğularının, batmış yaşayış yerlərinin, gəmi qalıqlarının, sahil infrastrukturlarının və dəniz ticarəti ilə əlaqəli maddi-mədəniyyət nümunələrinin öyrənilməsini əhatə edir.

Proqram çərçivəsində tələbələr dəniz mühitində arxeoloji tədqiqat metodları, sualtı və sahil qazıntı texnikaları, gəmiqayırma ənənələrinin arxeoloji interpretasiyası, dəniz ticarət yollarının arxeoloji rekonstruksiyası və sahil-landşaft arxeologiyası üzrə həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər.

Proqramın mühüm üstünlüklərindən biri Hayfa Universitetinin dəniz arxeologiyası sahəsində beynəlxalq nüfuza malik elmi mərkəzlər ilə əlaqəsidir. Burada tələbələr sualtı arxeologiya, sahil tədqiqatları və dəniz mədəni irsinin qorunması üzrə praktiki təlimlər keçəcək və Aralıq dənizi regionunda aparılan real arxeoloji layihələrdə iştirak imkanı qazanacaqlar.

Qəbul şərtləri: Proqrama aşağıdakı sahələr üzrə bakalavr və ya magistr dərəcəsi olan namizədlər qəbul edilə bilər: arxeologiya, tarix, antropologiya, klassik tədqiqatlar, Yaxın Şərq araşdırmaları (arxeologiya üzrə baza biliklərinə malik olanlar).

Namizədlərdən arxeoloji düşüncə tərzi, sahə və tədqiqat işlərinə maraq, analitik təhlil bacarığı və elmi potensial tələb olunur.

“Arxeometriya (Archaeological Science)” üzrə magistr proqramı (1 yer): “Arxeometriya (Archaeological Science)” arxeoloji tədqiqatlarda dəqiq və təbiət elmlərinin metodlarının tətbiqinə əsaslanan, yüksək elmi-analitik yönümlü magistr proqramıdır. Məzunlara dəqiq elmlər sahəsi üzrə magistr dərəcəsi veriləcək. Təhsil müddəti 2+1 il olan proqramın əsas tədris istiqaməti kimya və fizika elmlərinə söykənir. Tədris prosesi arxeoloji materialların (keramika, metal, şüşə, daş və s.) tərkib analizi, istehsal texnologiyalarının öyrənilməsi, yaş təyini üsulları, izotop analizləri və laboratoriya əsaslı elmi interpretasiya bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

Proqram çərçivəsində tələbələr arxeologiya, kimya, fizika, geologiya və kompüter elmlərinin kəsişməsində yerləşən müasir arxeometrik metodlarla tanış olacaq, həm nəzəri, həm də praktik laboratoriya hazırlığı keçəcəklər. Tədris prosesi tam elmi-tədqiqat yönümlü olmaqla, tələbələrin müstəqil dissertasiya işi üzərində çalışmasını təmin edir.

Proqramın mühüm üstünlüklərindən biri İsrailin qabaqcıl elmi mərkəzlərindən olan Texnion – İsrail Texnologiya İnstitutu (Texnion – Israel Institute of Technology) ilə əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində tələbələr yüksək texnoloji laboratoriyalarda praktiki kurslara qoşulacaq, Texnion bazasının yüksək dəqiqlikli SEM mikroskopları, konfokal mikroskoplar, eləcə də digər müasir fiziki-kimyəvi analiz metodlarından istifadə imkanı əldə edəcəklər.

Qəbul şərtləri: Proqrama aşağıdakı sahələr üzrə bakalavr və ya magistr dərəcəsi olan namizədlər qəbul edilə bilər: kimya, fizika, materialşünaslıq, geologiya, arxeologiya (dəqiq elmlər üzrə baza biliklərinə malik olanlar).

Namizədlərdən analitik düşünmə bacarığı, laboratoriya tədqiqatlarına maraq və elmi potensial tələb olunur.

QEYD: Tədris ödənişsizdir. Tələbələr yataqxana və təqaüdlə təmin olunacaq.

Əlaqə üçün:

arxeologiya.ttm@bsu.edu.az

aslan.gasimov@bsu.edu.az

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
23/02/2026

BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub

BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub
23/02/2026

BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub

BDU tələbələrinə sığorta sahəsində qərarvermə mexanizmləri izah olunub
23/02/2026