BDU tələbələrinin təqdimatında “Müşfiqli Günlər”
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi Teatr Dərnəyinin nəzdində fəaliyyət göstərən “BDU Dram Qrupu”nun təşkil etdiyi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş Dilbər Axundzadənin eyni adlı kitabı əsasında hazırlanmış “Müşfiqli Günlər” tamaşası nümayiş olunub. Tamaşadan öncə Teatr Dərnəyinin rəhbəri Nurel Kərim Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edərək bildirib ki, cəmi 29 illik həyatı ərzində Müşfiq 100-lərlə fəlsəfi şeirlər yazıb. O, Tələbə Həmkarlar İttifaqı Komitəsinin il ərzində görkəmli şair və yazıçılarımızın ildönümlərinin keçirilməsini tələbələrin milli düşüncəli gənclər kimi formalaşmasına böyük töhfə verdiyini bildirib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov çıxış edərək qonaqları və tələbə-müəllim kollektivini salamlayıb. D.Qənbərov Mikayıl Müşfiqin həyat yolundan bəhs edib və onu Azərbaycan ədəbiyyatının ən dəyərli nümayəndələrindən biri kimi xarakterizə edib. Bildirib ki, tədbir Prezident İlham Əliyevin gənclər siyasətinin tələblərinə uyğun olaraq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onların bilik və bacarıqlarının nümayiş olunmasına xidmət edir.
Sonra “BDU Dram Qrupu”nun təqdimatında “Müşfiqli Günlər” tamaşası nümayiş olunub. Tamaşa Mikayıl Müşfiq və həyat yoldaşı Dilbər Axundzadənin ilk görüşlərindən başlayaraq Müşfiqin repressiya qurbanı olmasına qədər olan keşməkeşli dövrdən bəhs edib. Eyni zamanda Müşfiqin şeirlərinə bəstələnmiş “Qal sənə qurban”, “Yenə o bağ olaydı” mahnıları səsləndirilib.
Tədbirin sonunda tələbələr mükafatlandırılıb. BDU THİK-nin sədr müavini Taleh Mansurov tədbir haqqında müsbət fikirlər səsləndirərək belə tamaşaların davamlı olmasını arzu edib və iştirakçıları diplomla təltif edib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan və digər qonaqlar iştirak edib.
Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2018-ci il.