BDU və AMEA-nın Mərkəzi Elmi Kitabxanası əməkdaşlıq sazişi imzalayıblar
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası və Jurnalistika fakültəsi ilə Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması məqsədilə tədbir təşkil olunub. BDU-da keçirilən tədbirdə çıxış edən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva kitabxanaların elmi və mədəni irsin toplanıb qorunması sahəsindəki rolundan, müəssisələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmindən, əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyindən, o cümlədən tərəflər arasında imzalanacaq əməkdaşlıq sazişindən bəhs edib. Bildirib ki, əməkdaşlıq sazişində informasiya mübadiləsi, müəssisələr arasında kitabların mübadiləsinin reallaşması kimi məsələlər öz əksini tapıb ki, bütün bunlar gələcəkdə birgə layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq.
BDU Elmi Kitabxanasının direktoru Sara İbrahimova çıxışında respublika ali məktəb kitabxanaları ilə yanaşı 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi apardıqlarını bildirib, həmçinin universitetin elektron kitabxanası haqqında ətraflı məlumat verib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri Leyla İmanova da müqavilənin əhəmiyyətindən danışaraq informasiyanın əmtəəyə çevrilməsində, informasiya bazarının formalaşmasında, qlobal informasiya mühitinin yaranmasında elektron kitabxanaların rolundan bəhs edib.
Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev isə imzalanacaq əməkdaşlıq sazişinin fakültənin maddi bazasının inkişafına müsbət təsirindən danışıb.
Sonda Jurnalistika fakültəsinin dekanı V.Əliyev, BDU Elmi kitabxanasının müdiri S.İbrahimova və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri L.İmanova əməkdaşlıq sazişini imzalayıblar.
Qeyd edək ki, tədbir çərçivəsində qonaqlar BDU Elmi kitabxanasının miniatür və qədim əlyazma kitabları ilə tanış olub, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olublar.
Mətbuat və informasiya şöbəsi, 14 iyun 2018-ci il.