BDU və Bartın Universitetinin birgə konfransı: “Xocalı: soyqırımından zəfərə”

27/02/2024

Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Türkiyənin Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı, qardaş ölkənin bir sıra universitetlərinin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı: soyqırımından zəfərə” mövzusunda konfrans keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb. Konfransın moderatoru – Bartın Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ahmet Altay iştirakçıları rektor Orhan Uzunun adından salamlayıb. Ahmet Altay qardaş ölkələr arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya örnək olduğunu diqqətə çatdırıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərini xatırladan natiq Xocalı faciəsinin heç zaman unudulmayacağını qeyd edib, bunun üçün birgə çalışmaların əhəmiyyətini vurğulayıb.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə 30 il davam edən işğala son qoyulduğunu bildirib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyə görə minnətdarlığını ifadə edib: “Azərbaycan və Türkiyə prezidentlərinin tarixi xidmətləri sayəsində ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətləri ən yüksək səviyyəyə çatdırılıb. Vətən müharibəsində mənəvi-siyasi dəstəyi ilə hər an yanımızda olan qardaş Türkiyəmizin eyni dəstəyini bu gün azad Qarabağda aparılan quruculuq işlərində də hər an hiss edirik”.

Türkiyənin Bartın Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Birgül Koçak Oksev çıxışında konfransın təşkilini yüksək qiymətləndirib, gələcəkdə həyata keçiriləcək birgə layihələrdən bəhs edib.

Konfransda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Türk xalqının soyqırımı: Xocalı qətliamı”, Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılıov “Xocalı kitabxanaları və erməni vandalizmi”, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Qarabağda kitabxana-informasiya infrastrukturunun bərpasında türk dövlətlərinin kitabxana modelinin tətbiqi” mövzularında məruzə ediblər.

Məruzələrdə Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verilib, eyni zamanda artıq Xocalıda Azərbaycan bayrağının dalğalandığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda soyqırım qurbanlarının xatirəsinə ucaldılacaq Memorial Kompleksin təməlinin qoyulduğu vurğulanıb. Məruzələrdə həmçinin Qarabağ ərazisində kitabxanaların yaranması, formalaşması və inkişafı tarixinə nəzər salınıb, erməni vandalları tərəfindən bölgədə 4.6 milyon kitab fondu olan 927 kitabxananın tamamilə dağıdıldığı, yandırıldığı faktlarla diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, eyni zamanda bölgədə kitabxanaların bərpasının planlaşdırıldığı barədə danışılıb. Məruzəçilər tərəfindən Qarabağda kitabxanaların bərpası və inkişafı ilə bağlı təkliflər irəli sürülüb, quruculuq işlərində qardaş Türkiyənin təcrübəsindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıların çoxsaylı suallarının cavablandırılması və gələcək əməkdaşlığın inkişafı ilə bağlı müzakirələrlə davam etdirilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024