BDU və Cənubi Bohemia Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Çex Respublikasının Cənubi Bohemia Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının müdiri Ralfrid Həsənov, Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, Cənubi Bohemia Universitetinin rektoru Bohumil Jirousek və beynəlxalq əlaqələr üzrə prorektoru Radka Zavodska iştirak ediblər.
Görüş zamanı universitetlər arasında elm və təhsil sahələri üzrə birgə fəaliyyətin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Rektor Elçin Babayev bildirib ki, hazırda BDU-nun Biologiya fakültəsində 12 tədris laboratoriyası və 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Fakültədə parazitologiya, infeksiyalar biologiyası, biokimya, hidrobiologiya və hüceyrə biologiyası sahələri üzrə aparılan elmi tədqiqatlar haqqında məlumat verərək, bu istiqamətlərdə elmi-tədqiqat, kadr hazırlığı, elmi-tədqiqat layihələri və proqramlarda birgə iştirakın mümkünlüyünü bildirib.
Daha sonra çıxış edən Cənubi Bohemia Universitetinin rektoru Bohumil Jirousek bu müqavilənin universitetlər arasında gələcək əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacağını bildirib: “BDU Azərbaycanın ən qədim təhsil ocağıdır, Cənubi Bohemia isə çox gənc universitetdir. Əminəm ki, qeyd olunan sahələrdə hər iki universitetin təcrübələrinə əsaslanaraq uğurlu layihələr həyata keçirilə bilər”.
Görüş zamanı Bakı Dövlət Universiteti ilə Cənubi Bohemiya Universiteti arasında magistratura və doktorantura təhsil səviyyələri üzrə mübadilə və ikili diplom proqramları, birgə müsabiqələr, kadr hazırlığı, elmi-tədqiqat layihələri, elmi simpozium, seminar, konfrans, ixtisasartırma kursları və tədris planlarının təşkili istiqamətlərində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.