BDU və KOBİA arasında Anlaşma Memorandumu imzalandı

12/07/2021

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi arasında işgüzar görüş keçirilib. Görüşdən sonra baş tutan tədbirdə iki qurum arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb.

BDU-nun rektoru Elçin Babayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və ölkəmizdə hazırda həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Rektor Elçin Babayev ölkəmizdə kiçik və orta sahibkarlığın dövlətin diqqət mərkəzində olduğunu, kiçik və orta biznesə (KOB) ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü mühüm işlər haqqında danışıb.

Daha sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin  formalaşması, KOBİA-nın fəaliyyəti, KOB-lara göstərilən dəstək mexanizmləri, onun bugünkü vəziyyəti, yenilikləri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Birgə layihə və proqramlardan bəhs edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb. O.Məmmədov əlavə edib ki, biznesin müasir tələblər səviyyəsində təşkil edilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə elmi yeniliklərin bizneslərə inteqrasiyası önəmlidir. Dünyada olduğu kimi ölkəmizdə də müasir bizneslərin yaradılmasında yüksək təhsilli, innovativ düşüncə tərzinə mailk və daim yeniliklər axtarışında olan gənclər aparıcı qüvvə hesab olunur.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professoru Sərvər Abbasov, II kurs tələbəsi Zümrüd Həmidova kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı kimi strateji məsələlərdə sahibkarların rolunun yüksəldilməsi, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması haqqında məruzə ediblər.

Memorandumun şərtlərinə əsasən,  elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, ixtiraçıların fəallığının artırılmasına dəstək, Universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması, KOB subyektlərinin maarifləndirilməsinə və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulub.

Universitetin tədris-innovasiya infrastrukturundan KOB subyektlərinin faydalanması, özəl sektor ilə Universitet arasında əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq platformalarının inkişaf etdirilməsi, Universitetlə əməkdaşlıq çərçivəsində gənclər arasında innovativ sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə “Biznes İnkubasiya Mərkəzi”nin təşkil edilməsi, Startaplar və biznes inkubatorlar üzrə ideya və biliklərin, o cümlədən “nəzəriyyədən biznesə” prinsipinin reallaşmasına dəstəyin göstərilməsi, biznes potensialının inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillərin Universitetin təsisatları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi üçün tədbirlər də görüləcəkdir.

Memorandumda beynəlxalq təşkilatlar və fondlardan birdəfəlik qrant formasında vəsait cəlb etmək, qrant layihələrində iştirak etmək və qanunla qadağan edilməyən digər maliyyə resurslarının cəlb olunması istiqamətində birgə fəaliyyət göstərmək, müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər vermək və qarşılıqlı şəkildə razılaşdırılmış digər fəaliyyətlər də nəzərdə tutulub.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024