BDU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib
2021-ci ilin 19 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyətinin üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.
BDU-nun İqtisadiyyat kafedrasının professoru, iqtisad elmləri doktoru Vahid Abbasov “Aqrar sahənin inkişafının təşkilati-iqtisadi problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə kənd təsərrüfatı istehsalının yerləşməsinin mahiyyəti, prinsipləri və səmərəliliyindən bəhs edən professor Azərbaycanın iqtisadi rayonları üzrə aqrar istehsalın mövcud inkişaf vəziyyəti və problemləri haqqında məlumat verib, dövlətin aqrar siyasətinin prioritetlərindən danışıb. Kənd təsərrüfatında ixtisaslaşmanın formaları, iqtisadi əhəmiyyəti və əsas iqtisadi göstəricilərini şərh edən V.Abbasov müasir dünya təcrübəsində aqrar sahədə tətbiq olunan kooperasiya və inteqrasiya əlaqələrinin təşkilati formalarının başlıca xüsusiyyətlərini və üstünlüklərini diqqətə çatdırıb.
Qeyd edək ki, “Ustad dərsləri” layihəsi cari tədris ilində BDU və MDU arasında razılaşdırılmış birgə fəaliyyət planı çərçivəsində həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri ilə yanaşı, birgə konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirlərin təşkilini də özündə ehtiva edir.