BDU və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı çərçivəsində praktiki konfrans keçirilib

06/11/2023

Bakı Dövlət Universiteti (BDU) və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığı və universitet-özəl sənaye sektorunun işbirliyi modeli formatında “Bitki xəstəliklərinin diaqnostikası və mübarizə metodları” mövzusunda növbəti elmi-praktiki konfrans keçirilib.

Konfrans zamanı iştirakçılar tərəfindən bitki xəstəliklərinin hər il yüz minlərlə ton meyvə-tərəvəz məhsulunu məhv etməsi və kənd təsərrüfatı sahəsində ciddi iqtisadi problemlərə səbəb olması qeyd edilib. Bitki xəstəlikləri ilə mübarizə metodları və nəticələr barədə məlumatlar paylaşılıb.

Bildirilib ki, BDU  və “SARA INVEST Holding”in qarşılıqlı əməkdaşlığının əsas məqsədlərindən biri bitki patogenlərinin düzgün diaqnostikası ilə yanaşı, bu patogenlərlə mübarizə metodlarının araşdırılması, tədqiqatı və risk qiymətləndirməsi layihəsinin həyata keçirilməsidir. Aparılacaq tədqiqat layihəsinə bu sahədə illərlə təcrübəsi olan Türkiyənin Qərbi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (BATEM)  mütəxəssisləri də cəlb edilib. Layihə çərçivəsində bitki xəstəlikləri üzrə əldə edilən diaqnostik nəticələr araşdırılacaq, sistematik analizlər aparılacaq və risk qiymətləndirilməsi çıxarılaraq əldə olunmuş mübarizə metodları üzrə daha bir neçə layihə həyata keçiriləcək.

Əməkdaşlıq zamanı BDU-nun magistratura və doktaranturasında təhsil alan tələbələr “SARA INVEST Holding”in tərkibində yerləşən “AGRO” bitki klinikasında elmi-tədqiqat layihələrində iştirak edəcəklər. Bitki patogenlərinin diaqnostikası sahəsində Türkiyənin “Letgen Biotechnology” şirkəti metodiki, “BATEM”in mütəxəssis heyəti isə elmi-tədqiqat sahəsində dəstək göstərəcək.

Layihə çərçivəsində BDU rektoru Elçin Babayev “AGRO” bitki klinikası və onun nəzdində fəaliyyət göstərən “Fitolab” Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasını ziyarət edib. Laboratoriyaya baxış zamanı BDU rektoru Elçin Babayevə burada entomoloji, herboloji, fitohelmintoloji, bakterioloji, virusoloji və mikoloji müayinələr aparılması, həmçinin nitrat və nitritlərin qalıq miqdarının təyini, suvarma suyunun fiziki-kimyəvi və mikrobioloji müayinələrinin həyata keçirilməsi barədə ətraflı məlumat verilib.

Elçin Babayev özəl sektorda müasir avadanlıqlarla təchiz edilmiş belə laboratoriyanın olmasını, buradakı işçilərin səriştəliliyini müsbət qiymətləndirib. Eyni zamanda kadrların böyük bir qisminin BDU məzunlarından ibarət olmasından qürur hissi duyduğunu bildirib. O, universitetin elmi-tədqiqat fəaliyyətində sənayedən gələn istəklər əsasında bu laboratoriyada yüksək səviyyədə aparılan analiz nəticələrindən ibarət “data”lardan istifadə olunmasının vacibliyini vurğulayıb.

“SARA INVEST Holding”in direktoru Baba Qurbanov isə bu istiqamətdə aparılacaq bütün işlərdə öz dəstəklərini əsirgəməyəcəklərini, innovativ iş birliyində yaxından iştiraklarından məmnun olduqlarını vurğulayıb. O, ölkəmizdə belə yüksək avadanlıqlarla təchiz olunmuş  labaratoriyalarda çalışacaq kadrların hazırlanması istiqamətində BDU-ya “SARA INVEST Holding” tərəfindən istənilən dəstəyin verilə biləcəyini qeyd edib.

Sonda əməkdaşlıq çərçivəsində keçiriləcək layihələrin ümumi müzakirəsi keçirilərək, yol xəritəsi müəyyənləşdirilib.

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024