BDU-da 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.
Tədbir BDU-nun akt zalında davam edib. Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 20 Yanvar xalqımızın yenilməz iradəsinin rəmzi, azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən ağrılı və şərəfli səhifələrindən biridir. Keçmiş sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu hərbi təcavüz insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalmaqdadır. Bu faciəli hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyimizin bərpasında taleyüklü dönüş nöqtəsinə çevrilib. Məhz 20 Yanvar faciəsindən sonra milli azadlıq hərəkatı tam siyasi reallıq qazanaraq dönməz xarakter alıb, xalqımız öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet Ordusunun böyük hərbi qüvvə, xüsusi təyinatlı bölmələr və daxili qoşunlarla Bakıya yeridilməsi misli görünməmiş qəddarlıq və amansızlıqla müşayiət olunub. Sovet qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdaraq ağır texnika və müxtəlif tipli silahlardan əliyalın əhaliyə atəş açmaqla şəhərə daxil olub. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyətin tətbiqi barədə imzalanmış fərman əhaliyə yalnız səhər saat 05:30-da radio vasitəsilə elan edilib. Fövqəladə vəziyyət əhaliyə elan olunana qədər 82 nəfər amansızcasına qətlə yetirilib, 20 nəfər ölümcül yaralanıb. Ümumilikdə isə 20 Yanvar hadisələri zamanı Azərbaycanın 150 nəfər vətəndaşı şəhidlik zirvəsinə ucalıb, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, təcili tibbi yardım işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları da olub. Olduqca mürəkkəb və gərgin siyasi şəraitdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev böyük siyasi iradə və cəsarət nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq və prinsipial şəkildə pisləyib. Sonradan onun təşəbbüsü ilə 1994-cü ilin yanvarında Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi hüquqi-siyasi qiymət verilib”.
Rektor bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan elminin və təhsilinin beşiyi olan Bakı Dövlət Universitetinin tarixində də dərin iz buraxıb. Həmin qanlı gecədə xalqımızın azadlığı uğrunda mübarizənin ön sıralarında BDU-nun tələbə və məzunları da fəal iştirak ediblər. Onlar Vətənin taleyinin həll olunduğu məqamlarda yüksək vətəndaş mövqeyi, milli ləyaqət və vətənpərvərlik nümunəsi göstərib, bu yolda canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər: “20 Yanvar şəhidləri sırasında olan BDU tələbə və məzunları Universitetimizin qürur mənbəyidir. Onların əziz xatirəsi bu gün də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Bu tarix yalnız kədər günü deyil, milli iradənin, birlik və həmrəyliyin təntənəsidir. 20 Yanvar hadisələrində özünü göstərən bu birlik, mətinlik bizə həm də 44 günlük Vətən müharibəsində şanlı Zəfəri qazandırdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mahir sərkərdəliyi, qətiyyəti, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə qazandığımız tarixi Zəfərlə bütün şəhidlərimizin intiqamı alındı”.
Milli Məclis (MM) sədrinin müavini, professor Musa Qasımlı, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor, 20 Yanvar şəhidi, BDU-nun məzunu Yusif Sadıqovun bacısı Sayalı Sadıqova və BDU-nun Filologiya fakültəsinin dosenti Etibar Talıblı çıxışlarında 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən, şəhidlərin qəhrəmanlığından və bu hadisənin xalqımızın milli yaddaşındakı yerindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiymət bu hadisəyə obyektiv münasibətin formalaşmasında mühüm rol oynayıb. Şəhidlərin xatirəsinin daim uca tutulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Anım tədbiri BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |









