BDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans

30/03/2023

Bakı Dövlət Universitetində (BDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.  Əvvəlcə Dövlət himni səsləndirilib, soyqırım qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın müddətdir davam edir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Dənizdən-dənizə böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib, deportasiya və soyqırımları törədib, əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çeviriblər. Belə dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdiyi kütləvi qırğınlardır. Bu kütləvi qırğınlar, repressiyalar XX əsr tariximizin ən faciəli və dəhşətli səhifələrindən biridir. 1918-ci ilin mart qırğınlarında on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, milli mədəniyyət abidələrimiz, tarixi binalarımız və məscidlərimiz dağıdılıb, 50 mindən çox soydaşımız qətlə yetirilib. Mart qırğınları zamanı təkcə üç gün ərzində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində silsilə qanlı faciələr törədilib. Yüzlərlə şəhər və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox, Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar.

Rektor qeyd edib ki, bu dəhşətli soyqırım aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb. Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxarılıb. 2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksi açılıb. Azərbaycan Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Ölkə rəhbərliyinin gördüyü tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynayıb.

BDU-nun rektoru Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun Vətən müharibəsində şanlı Zəfəri ilə minlərlə şəhidimizin, günahsız soyqırım qurbanlarının intiqamının alındığını deyib: “Mart qırğınları təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlərdəndir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması, gənclərimizə milli dövlətçilik ənənələrinin, Azərbaycançılıq ideyasının aşılanması hər kəsin, o cümlədən Bakı Dövlət Universiteti alimlərinin vətəndaşlıq borcudur”.

Daha sonra Milli Məclisin üzvləri Aqil Məmmədov, Elman Məmmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, dosenti Aydın Məmmədov, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı çıxış edərək ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, bir daha belə soyqırımlara məruz qalmamaq üçün Azərbaycan dövləti daha da güclənməli, gənclərimiz tariximizi yaxşı öyrənməli, düşmənlərimizi tanımalıdırlar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024