BDU-da akademik Bəhram Əsgərovun 90 illik yubileyi qeyd olunub

07/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Azərbaycanda bərk cisimlər fizikası nəzəriyyəsinin əsasını qoymuş akademik Bəhram Əsgərovun 90 illik yubileyi qeyd olunub.

Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev Bəhram Əsgərovun Azərbaycan elmində, BDU-nun inkişafında əvəzedilməz rolu barədə danışıb, onun elmi irsinin dünya alimləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Bəhram Əsgərovun dəyərli alim, gözəl müəllim və insan kimi onu tanıyanların, tələbələrin qəlbində daim yaşayacağını bildirib. Rektor görkəmli alimin elmi irsinin, həyatının tələbələrə daha yaxından tanıdılması üçün onun haqqında xatirələr kitabının hazırlanmasının və elmi əsərlərinin təkrar nəşrinin nəzərdə tutulduğunu bildirib.

Fakültə dekanı Bəxtiyar Paşayev isə tanınmış alimin elmi fəaliyyəti, yetirdiyi alimlər haqqında məlumat verib.

Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov akademik Bəhram Əsgərovun həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.  O, bərk cisimlər fizikası nəzəriyyəsinin yaranmasında və inkişafında Bəhram Əsgərovun elmi tədqiqatları, əsərləri və monoqrafiyalarının əhəmiyyətini vurğulayıb, görkəmli alimin müəllifi olduğu dərslik və dərs vəsaitlərinin təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, dünyanın bir sıra universitetlərində alimlərin, müəllim və tələbələrin stolüstü kitabına çevrildiyini diqqətə çatdırıb.  

Bərk cisimlər fizikası kafedrasının professoru, uzun müddət Bəhram Əsgərovla çiyin-çiyinə çalışmış Məmməd Əliyev xatirələrini danışıb, onun həm Azərbaycanda, həm də digər ölkələrdə böyük nüfuza malik olduğunu, Türkiyənin Hacettepe Universitetində qısa müddətdə bərk cisimlər fizikası elmi məktəbini yaratdığını, qardaş ölkə üçün nəzəriyyəçi-fiziklər yetişdirdiyini qeyd edib.

Bərk cisimlər fizikası kafedrasının dosenti Eldar Həsənov, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev çıxışlarında Bəhram Əsgərovun xidmətlərinin dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər. Tədbirin sonunda Bəhram Əsgərovun ailəsi adından Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Şmid Qasımov, Bəhram Əsgərovun qızı Fəridə Səfərova çıxış edərək Bəhram Əsgərovun xatirəsini yad etdiklərinə görə BDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, BDU Elmi Kitabxanası da akademik Bəhram Əsgərovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil edib.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024