BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş seminarlar davam edir
Bakı Dövlət Üniversitetinin (BDU) Kimya fakültəsində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar “Alkilfenollar əsasında səthi aktiv birləşmələrin alınması” mövzusunda elmi seminar keçirilib.
Fiziki və kolloid kimya kafedrasının müdiri, professor Eldar Əhmədov Yusif Məmmədəliyevin elmi irsi, Azərbaycan kimya elminin inkişafında oynadığı müstəsna rol barədə məlumat verib. O, alimin neft kimyası, kataliz və üzvi sintez sahələrində apardığı fundamental tədqiqatların bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb.
Fakültənin dekanı Fuad Kərimli Yusif Məmmədəliyevin elmi məktəbinin kimya elmində yeni istiqamət yaratdığını qeyd edib. O, bu cür tədbirlərin tələbələrin elmə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Kafedranın professoru Cəbrayıl Mirzai görkəmli akademikin həyat və yaradıcılığı haqqında məruzə edib. Bildirib ki, akademik Yusif Məmmədəliyevin tədqiqatları neft kimyasının fundamental inkişafına, xüsusilə aromatik karbohidrogenlərin alkilləşməsi, aviasiya yanacaqlarının sintezi, eləcə də hərbi məqsədli xüsusi tərkibli yanıcı qarışıqların hazırlanması kimi sahələrə əhəmiyyətli təsir göstərib. 1950-ci illərdə Yusif Məmmədəliyevin elmi rəhbərliyi ilə strateji təyinatlı raketlər üçün xüsusi yanacaq komponentləri hazırlanıb. O, BDU-da Neft kimyası (indiki Neft kimyası və kimya texnologiyası) kafedrasını yaradıb və uzun illər həmin kafedraya rəhbərlik edib. Görkəmli alimin yubileyləri həmişə yüksək səviyyədə qeyd olunub. 2005-ci ildə Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyi ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən UNESCO xətti ilə Parisdə bu qurumun iqamətgahında qeyd edilib.
Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantı Ləman Mirzəyeva çıxışında səthi aktiv maddələrin kimya sənayesində tətbiq sahələri, onların yuyucu vasitələrdən tutmuş neft emalı, tekstil, kosmetika, boya və kənd təsərrüfatı kimyası kimi müxtəlif sahələrdə mühüm rol oynadığını və alkilfenolların səthi aktiv birləşmələrin sintezi üçün vacib xammal hesab olunduğunu bildirib. O qeyd edib ki, bu birləşmələrin strukturunda həm hidrofob alkil zənciri, həm də hidrofil fenol qrupu mövcuddur. Bu da modifikasiya olunmuş alkilfenol törəmələrinin yüksək adsorbtiv və emulsiyalaşdırıcı qabiliyyətini təmin edir. Bu səbəbdən alkilfenol əsaslı səthi aktiv maddələrin alınması və xüsusiyyətlərinin öyrənilməsi müasir kimya texnologiyasının aktual istiqamətlərindən biridir.
Tədbirin sonunda Yusuf Məmmədəliyevin həyat və yaradıcılığını əks etdirən videocarx nümayış olunub.




