BDU-da Anım Günü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə BDU əməkdaşları 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidə və Universitetin şəhid məzunlarına həsr olunmuş guşəni ziyarət edib, önünə əklil qoyub, gül dəstələri düzüblər. Sonra tədbir böyük akt zalında davam edib.
Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, bu il müstəqil dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfərimizin 5 ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq müzəffər Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma başladı. Düşmən tapdağında olan rayonlarımız, şəhər və qəsəbələr, yüzlərlə kənd, strateji əhəmiyyət daşıyan yüksəkliklər ildırım sürətli döyüşlərlə, hər gün qazanılan qələbələrlə düşməndən təmizləndi. Şəhidlərimizin qanı ilə sulanan əzəli torpaqlarımızda üçrəngli bayrağımız əbədi olaraq dalğalandırıldı. Vətən müharibəsi zamanı öz sərkərdəsi, Prezidenti yanında yumruq kimi birləşən Azərbaycan xalqı birliyi və fədakarlığı ilə dünyaya səs saldı. Azərbaycan Ordusu dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi: “Bu müqəddəs amallar uğrunda apardığımız müharibədə 3000 nəfərə qədər igid əsgərimiz şəhid oldu, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün Vətən yolunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizə ehtiramın ifadəsidir.
Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı, heç bir gün çəkməyən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Lokal antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Vaxtilə erməni hərbi birləşmələrinin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri yüksək sürətlə davam edir”.
Rektor bildirib ki, 44 günlük Vətən müharibəsində BDU-nun yüzlərlə məzunu da iştirak edib, şücaət göstərib, onlardan 22-si şəhidlik zirvəsinə ucalıb: “Biz qəhrəman igidlərimizlə qürur duyuruq. Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, əbədi xatirəsini uca tutur”.
Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin üzvləri Rizvan Nəbiyev, Pərvin Kərimzadə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli xalqın eyni amal uğrunda mücadiləyə qalxdığı və qəhrəmanlıq tarixinin başlanğıcı olan bu günün yaddaşlarda əbədi iz buraxdığını bildiriblər. Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağı bildirilib.
Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.