BDU-da “Aşıq yaradıcılığı və Aşıq Ələsgər” adlı elmi seminar keçirilib

30/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı və Aşıq Ələsgər” adlı elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova Aşıq Ələsgərin bədii yaradıcılıq istiqamətlərindən və aşığın irsinə dövlət qayğısından söz açıb. Qeyd edib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri kimi, Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi ölkə və ümumittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr olunub, abidəsi ucaldılıb. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə ustad aşığın 190, 2021-ci il fevralın 18-də isə 200 illik yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar Aşıq Ələsgər irsinə dövlət başçısı səviyyəsində göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Həmçinin S.Orucova aşığın yaradıcılığında milli-mənəvi dəyərlərdən bəhs edərək bildirib ki, Dədə Ələsgər poeziyasının hər səhifəsində böyük hikmət, dərin məna vardır.

Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aşıq Ələsgər yaradıcılığının mövzu və janr özəlliklərindən, ədibin öz sənətkarlıq üslubu ilə bədii dilimizin zənginləşməsindəki rolundan, fərdi üslubunun yüksək keyfiyyət göstəricilərindən danışıb.

Aşıqlar Birliyinin sədr müavini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, aşıq Altay Məmmədov sazda aşığın ustadnamələrini və qoşmalarını ifa edib.

“Aşıq Ələsgər yaradıcılığında məhəbbət lirikasının sənətkarlıq xüsusiyyətləri” adlı məruzə ilə çıxış edən BDU-nun “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva Aşıq Ələsgərin məhəbbət mövzulu şeirlərinin bədii-estetik xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

Sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının magistrantları - Gülyaz Hümmətzadə “Aşıq Ələsgər rəvayətlərdə”, Bəsti Səttarova “Aşıq Ələsgər qoşmalarında təsəvvüf elementləri” və Filologiya fakültəsinin IV kurs tələbəsi Səbinə Xəlilova “Aşıq Ələsgər yaradıcılığında insan gözəlliyinin tərənnümü” adlı məruzələrlə çıxış ediblər.
Seminarın bədii hissəsi tələbələrin hazırladıqları çıxışlarla davam edib. Filologiya fakültəsi tələbələrinin - Lumu İspəndiyərzadə və Ülviyyə Orucovanın aparıcı olduğu tədbirdə Aytac Hüseynli, Arif Vəliyev və Səyahət Məhərrəmova aşığın şeirlərini səsləndirib, Cahan Salmanovanın hazırladığı videoçarxlar və BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələrinin əl işləri nümayiş etdirilib.

Xəbərlər

Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!

Milli varlığımızın rəmzi – Azərbaycan bayrağı!
09/11/2024

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024