BDU-da “ARB 24” televiziyasının “NewsLab” otağı açılıb

04/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “ARB 24” televiziyasının “NewsLab” otağının açılışı olub. Layihə 2022-ci ilin aprel ayında BDU və telekanal arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.

Otağın açılış mərasimində çıxış edən rektor Elçin Babayev tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsinin, praktikadan olan peşəkarların tədris prosesinə cəlbinin BDU üçün prioritet olduğunu bildirib. Rektor bu layihə ilə Jurnalistika fakültəsinin tələbələrinin peşə vərdişlərinin daha da artacağını bildirib. O qeyd edib ki, “NewsLab” otağı xüsusilə xəbər jurnalistlərinin hazırlanmasına əvəzsiz töhfə olmaqla yanaşı, birbaşa canlı yayım mərkəzinə çevriləcək. BDU alimləri ən müxtəlif mövzularla bağlı buradan canlı yayıma çıxa biləcəklər.

“ARB 24” telekanalının direktoru Radik İsmayılov isə qeyd edib ki, bu layihə telekanalın ümumrespublika yayımına çıxmasının 10 illik yubileyi münasibətilə BDU-nun Jurnalistika fakültəsinə töhfəsidir. Məqsəd Jurnalistika fakültəsinin tələbələrinin praktiki vərdişlərini artırmaq və onların işlə təmin olunmasını asanlaşdırmaqdır. Kamera, canlı yayım aparatı, kompüter və digər lazımi avadanlıqlarla təchiz olunan studiyadan "ARB 24 NewsLab" təlim proqramı müddətində dərslərin daha yaxşı mənimsənilməsi üçün də istifadə ediləcək. “ARB 24”ün canlı efirlərinə qoşulan BDU əməkdaşları da bu otaqdan yararlana biləcəklər.

Açılış zamanı “ARB 24”ün növbəti təlim proqramı barədə də məlumat verilib və müraciətlərin qəbuluna başlanıldığı elan edilib. İndiyədək keçirilən iki təlim proqramı zamanı 12 tələbə “ARB 24”də işlə təmin olunub. Vurğulanıb ki, təlim proqramı 3 ay davam edir. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunurlar.  BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər. Proqramın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024