BDU-da “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar
Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının təşkilatçılığı ilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Asılılıqdan azadlığa” mövzusunda elmi-praktik seminar keçirilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov narkomaniya və narkobiznesin cəmiyyət üçün yaratdığı sosial-psixoloji problemlərdən bəhs edib, gənclərin zərərli vərdişlərdən qorunmasında maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını vurğulayıb. O, bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışaraq belə tədbirlərin tələbələrin məlumatlılığının artırılmasına xidmət etdiyini bildirib.
Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva çıxışında asılılıq probleminin yalnız tibbi deyil, psixoloji və sosial aspektlərinin də olduğunu bildirib. O, mövzunun multidissiplinar yanaşma tələb etdiyini vurğulayaraq, seminarın müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya gətirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tibb elmləri doktoru, professor Araz Əliquliyev “Psixoaktiv maddələrdən asılılığın müasir müalicə üsulları” mövzusunda təqdimatla çıxış edib. Məruzədə asılılığın yaranma mexanizmləri, müasir müalicə metodları, reabilitasiya prosesinin xüsusiyyətləri və erkən müdaxilənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Seminarın moderatoru, Psixologiya kafedrasının müəllimi Aytən Alışanlı, Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin baş mütəxəssisi, gömrük xidməti baş leytinantı Yavər Məmmədova, Psixologiya kafedrasının müəllimi Aytən Mütəllimzadə, Bakı Psixologiya Mərkəzinin psixoloqu və psixoterapevti Cavad Cavadov, BDU-nun Psixologiya ixtisasının IV kurs tələbəsi Sevilə Xəlilova və sosial işçi Banuçiçək Bağırova çıxış ediblər. Çıxışlarda narkotik qaçaqmalçılığında müşahidə olunan müasir tendensiyalar, psixoaktiv maddələrdən asılılıqla mübarizədə multidissiplinar yanaşma, psixoterapiyanın əhəmiyyəti və sosial işin rolu kimi məsələlərə toxunulub.
Tədbir çərçivəsində “Qaynar xətt” xidmətinə dair videoçarx, keçmiş narkoasılılığı olan şəxslərlə müsahibələr əsasında hazırlanmış video reportaj nümayiş etdirilib, həmçinin real hadisələr əsasında hazırlanmış rol oyunu təqdim olunub.
Tədbir panel müzakirə ilə yekunlaşıb. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







