BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi, AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova professor Azad Nəbiyevin Azərbaycan folklorşünaslığında xüsusi xidmətləri olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda rəhbərlik etdiyi, Azad Nəbiyev tərəfindən yaradılmış kafedra mərhum alimin elmi-təşkilatçılıq bacarığının bariz nümunəsidir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini, akademik Teymur Kərimli vurğulayıb ki, hələ aspirantura təhsili aldığı illərdən Azad Nəbiyevi təcrübəli pedaqoq, elmi məsələlərə ciddi yanaşması ilə seçilən alim kimi tanıyıb. Onun elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır. Akademik vurğulayıb ki, Azad Nəbiyevin yetişdirdiyi kadrlar bu gün respublikanın müxtəlif qurumlarında uğurla fəaliyyət göstərirlər.
AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev bildirib ki, Azad Nəbiyev həm bakalavriat, həm də magistratura dövründə onun diplom və dissertasiya işinə rəhbərlik edib və folklora elmi marağının artmasında, bu sahəyə gəlməsində mühüm rol oynayıb: “Azad Nəbiyev Azərbaycan folklorşünaslığına şəhər folkloru, balıqçı folkloru, ipəkçi nəğmələri, hanaçı nəğmələri, qaçaq folkloru və başqa yeni anlayışlar gətirib. Bəzi janrların etnopsixoloji düşüncə ilə bağlı tərəflərinə ilk dəfə onun əsərlərində toxunulub. Alim özünün ikicildlik “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində şifahi yaradıcılıq örnəklərinin “lirik, epik, dramatik növlər” bölgüsündən imtina edib, bunu lirik, epik, dramatik üslub kimi verməklə, folklorun filoloji baxış bucağı ilə məhdudlaşan təsnifatından ilk dəfə kənara çıxıb. Bu yanaşma filoloji folklorşünaslıqdan sosial-antropoloji folklorşünaslığa keçidin ilkin əlamətləri kimi də qəbul oluna bilər. Azad Nəbiyev öz tədqiqatlarında o zamanadək folklorşünaslığımızda diqqət yetirilməyən bir çox məsələləri tədqiqat müstəvisinə gətirib”.
Elmi sessiyada professor Ramil Əliyev “Azad Nəbiyev və folklor mədəni irsi”, dosent Etibar Talıblı “Azərbaycan folklorunun görkəmli tədqiqatçısı və təbliğatçısı”, dosent Qalib Sayılov “Milli folklorşünaslığımızda Azad Nəbiyev assosiasiyası”, dosent Kəmalə İslamzadə “Etnopsixoloji düşüncə ilə bağlı yaranan janrlar” mövzularında məruzə ediblər.
Daha sonra professor Azad Nəbiyevlə uzun illər çiyin-çiyinə çalışmış həmkarlarından professor Cəlil Nağıyev, Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy, dosent Məhərrəm Vəliyev alimlə bağlı xatirələrini və ürək sözlərini iştirakçılarla bölüşüblər.
Elmi sessiyada Azad Nəbiyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.
Alimin ailəsi adından çıxış edən qızı, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri doktoru Ülkər Nəbiyeva elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.