BDU-da “Azərbaycan dili – Açıq dərslər” layihəsi davam edir

16/10/2026

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan dili – Açıq dərslər” layihəsinin növbəti görüşü keçirilib. Görüşün qonağı BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov olub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov müasir dövrdə Azərbaycan dilinə təsir göstərən amillərdən, ana dilinin qorunmasının vacibliyindən danışıb. O, Azərbaycan dilinin milli kimliyin, mədəni irsin və dövlətçilik ənənələrinin əsas göstəricilərindən biri olduğunu vurğulayıb, dilin saflığının qorunmasının və düzgün istifadəsinin hər kəsin məsuliyyəti olduğunu qeyd edib.

Akademik Nizami Cəfərov çıxışında Azərbaycan dilinin inkişaf xüsusiyyətləri, ədəbi dilin formalaşması və bu prosesə təsir edən ictimai, mədəni və tarixi amillər haqqında ətraflı məlumat verib. O, dilin inkişafının cəmiyyətin düşüncə tərzi, elmi və mədəni həyatı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Ədəbi dilin zənginləşməsində yazıçıların, şairlərin və jurnalistlərin rolundan bəhs edərək, onların dilin ifadə imkanlarının genişlənməsinə, yeni söz və ifadələrin yayılmasına, dil normalarının formalaşmasına mühüm töhfə verdiklərini bildirib.

Nizami Cəfərov, həmçinin, natiqlik sənətində mühüm yer tutan loqos, etos və pafos anlayışlarını izah edib. O, loqosun fikrin məntiqi əsaslarla ifadəsini, etosun natiqin etibarlılığı və mənəvi mövqeyini, pafosun isə nitqin dinləyicilərə emosional təsirini ifadə etdiyini qeyd edib. Bu anlayışların qarşılıqlı əlaqəsinin nitqin təsir gücünü artırdığını vurğulayan akademik fikrin düzgün, əsaslandırılmış və inandırıcı şəkildə çatdırılmasının əhəmiyyətindən danışıb.

Çıxış zamanı ədəbi dilin qorunması və inkişafının yalnız dilçi alimlərin, yazıçıların və jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən məsuliyyət olduğu diqqətə çatdırılıb. Azərbaycan dilinin imkanlarından düzgün istifadə edilməsi, dil normalarına riayət olunması və gənc nəslin ana dilinə həssas münasibətinin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026