BDU-da «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri» kitabının təqdimatı mərasimi keçirilib

07/11/2013

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevin «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri» kitabının təqdimatı mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, Konstitusiya məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır. Belə ki, kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilmiş, həm də mövcud hüquq qaydalarının tətbiqini özündə əks etdirən Konstitusiya Məhkəməsinin qərar və qərardadlarında öz əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilmişdir. Akademik Abel Məhərrəmovun sözlərinə görə, kitabın hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq, nəşrdə mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilmişdir və hər bir istiqamətdə Konstitusiya Məhkəməsinin mühüm prinsipləri əks olunmuşdur.  Rektor Abel Məhərrəmov ümidvar olduğunu bildirib ki, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri» kitabı hakimlər, prokurorlar, vəkillər və bütün hüquq ictimaiyyəti üçün faydalı olmaqla, tədqiqatçılar və hüquq sahəsində təhsil alan tələbələr üçün də maraqlı mənbə qismində çıxış edəcəkdir. Daha sonra təqdimat mərasimində çıxış edən Milli Məclisi sədrinin birinci müavini, BDU-nun «Konstitusiya hüququ» kafedrasının müdiri, professor Ziyafət Əsgərov bildirib ki, bu kitabda kifayət qədər zəngin təcrübi məsələlərlə yanaşı, nəzəri məsələlər də öz əksini tapıb. Onun sözlərinə görə, kitabın həm nəzəri, həm də təcrübi baxımından hüquq fakültəsinin tələbləri üçün çox böyük önəmi var. Hüquq fakültəsinin «Dövlət və hüquq nəzəriyyəsi və tarixi» kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məlikova, Milli Aviasiya Akademiyası «Hüquqşünaslıq» kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin çıxışından sonra kitabın müəllifi Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iştirakçılara öz təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 7 noyabr 2013-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024