BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi

06/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Ekostil Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifovun “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi keçirilib.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı tanınmış tədqiqatçı alim Elman Yusifovun elmi fəaliyyəti, botanika və ekologiya sahəsində apardığı tədqiqatlar barədə məlumat verib.

Ustad dərsində botaniki və coğrafi zonanın floraları arasındakı əsas fərqlər və oxşarlıqlar təhlil olunub. Regionların fiziki-coğrafi şəraiti, floristik növ müxtəlifliyi, bitkilərin mühit şəraitinə uyğunlaşması, hər iki floranın endemik və reliktlərinin müqayisəli analizi aparılıb. Ərazilərin geoloji quruluşunun, səthi və yeraltı suların, iqlim faktorlarının və relyef xüsusiyyətlərinin bitki formalarına təsiri əyani materiallar vasitəsilə izah edilib. Dərs zamanı hər iki ərazinin coğrafi en dairəsi və dəniz səviyyəsindən hündürlüyünün iqlimə təsiri, landşaftların hipsometrik asılılığı, yamacların bitkiliyi və onları formalaşdıran amillər barədə məlumat verilib.
Müqayisəli analiz hissəsində Azərbaycan və Qütb Uralının əsas landşaftlarının enlik və yüksəklik üzrə differensiasiyası, Azərbaycanın yüksək dağlıq landşaftları ilə Qütb Uralının meşə-tundra landşaftlarında yayılmış əsas torpaq tipləri, onların fərqli xüsusiyyətləri haqqında məlumatlar təqdim olunub. Bununla yanaşı, bu landşaftların geoloji quruluşu, relyefi və iqlim göstəriciləri də təhlil edilib. Daha sonra ərazilərin florasının müqayisəsi aparılıb, taksonların ortaq və fərqli xüsusiyyətləri, bu fərqləri şərtləndirən amillər izah olunub. Tədbirdə Azərbaycanın flora endemizminin təftişi ilə bağlı ən son tədqiqat nəticələri də iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, ustad dərsində təqdim edilən materiallar müəllifin şəxsən iştirak etdiyi və apardığı son elmi tədqiqatların nəticələrinə əsaslanır.

Sonda tələbə və müəllimlərin iştirakı ilə florogenez, endemizmə təsir edən amillər kimi nəzəri botanika və bioekologiyaya dair fundamental məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi

BDU-da “Azərbaycan və qütb tundrası florasının müqayisəli analizi” mövzusunda ustad dərsi
06/03/2026

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”

BDU-da elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya”
05/03/2026

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar

BDU əməkdaşları “Rabitəbank” ASC-də işgüzar səfərdə olublar
05/03/2026