BDU-da Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı” mövzusunda elmi seminar keçirilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, şəhərlər qədim dövrlərdən etibarən istehsal, mədəniyyət və intellektual potensialın cəmləşdiyi, cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayan mərkəzlər olub. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən, 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu çərçivədə fakültədə il ərzində şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik tarixinə həsr olunan mövzuların müzakirəsi nəzərdə tutulub.
Elmi seminarda Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, dosent Tarix Dostiyevin məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, Azərbaycanda arxeologiya elminin mühüm vəzifələrindən biri erkən, qədim, antik və orta əsr şəhərlərinin öyrənilməsi, şəhərsalma və memarlıqda ənənə və innovasiyaların müəyyənləşdirilməsi, urbanizasiya proseslərinin xüsusiyyətlərinin araşdırılmasıdır.
Məruzədə İslam sivilizasiyasının mühüm fenomeni olan orta əsr urbanizasiyası, Azərbaycanda müsəlman tipli şəhərlərin formalaşması və inkişafı, şəhərsalma fəaliyyətinin genişlənməsi, sosial-psixoloji mühitdə baş verən dəyişikliklər təhlil olunub. Qədim Gəncə, Beyləqan, Şəmkir, Şabran və Xarabagilan şəhər yerlərində, həmçinin Bakı, Şamaxı, Dərbənd və Naxçıvan şəhərlərində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq erkən və klassik İslam dövrü şəhərlərinin topoqrafiyası, hərbi və mülki memarlıq nümunələri, dini və xatirə kompleksləri, şəhər abadlığı, eləcə də ümummüsəlman səciyyəsi və məhəlli xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Məruzəçi tarixi şəhərlərə və onların memarlıq irsinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb, tarixi şəhərlərin özünəməxsus siluetinin keçmişin dərkində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, şəhərlərin plan quruluşunun və memarlıq komplekslərinin düzgün şərhi arxeoloji tədqiqatlar baxımından xüsusi əhəmiyyət kəsb edir.
Elmi seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb.



