BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Ekoloji kimya kafedrasının “Ekoloji kimya” ixtisası üzrə doktorantı Orxan Hacıyevin “Bakı şəhəri və Abşeron yarımadasında atmosfer havasının aktiv biomonitorinqin nəticələri: “Sphagnum girgensohnii” mamır-transplantatlarından istifadə olunmaqla” mövzusunda elmi seminarı keçirilib. Dissertasiya işinə kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və kimya elmləri namizədi, dosent Zərifə Vəliyeva rəhbərlik edir.
Elmi seminarda Orxan Hacıyev tərəfindən aparılan tədqiqatın nəticələri təqdim olunub. Tədqiqatda Bakı şəhəri və Abşeron yarımadasının sənaye və nəqliyyatın təsiri altında olan atmosfer havasının keyfiyyəti aktiv biomonitorinq üsulu ilə qiymətləndirilib. Bu məqsədlə “Sphagnum girgensohnii” növündən olan mamır-transplantatlardan istifadə edilib.
Araşdırma çərçivəsində 21 nöqtədə “mamır torbaları” quraşdırılıb, 12 həftəlik ekspozisiyadan sonra toplanmış nümunələr neytron aktivasiya analizi (İNAA), atom-absorbsion spektrometriya (AAS) və qaz xromatoqrafiyası ilə analiz olunub.
Əldə edilən nəticələrə əsasən, Na, Cl, I, Al, V, Pb, Th, U və digər elementlər üzrə bəzi nöqtələrdə Yol Verilən Qatılıq Həddi (YVQH) normativlərini aşan konsentrasiyalar müəyyən edilib. Eyni zamanda, bəzi zəhərli və təhlükəli metallar (Cd, Cu, Ni, Zn) üzrə də yerli səviyyədə artım müşahidə olunub. Poliaromatik karbohidrogenlər (PAH) bir sıra sənaye zonalarında aşkar edilib.
Əsas çirklənmə mənbələri kimi neft emalı və qaz hasilatı müəssisələri, metallurgiya və kimya sənayesi obyektləri, nəqliyyat vasitələrinin buraxdığı emissiyalar müəyyən olunub.
Tədqiqatın nəticələri Abşeron regionu üçün atmosfer çirklənməsinin cari vəziyyəti haqqında obyektiv və əsaslı məlumat verir. Yerli şəraitə uğurla tətbiq oluna bilən bu metodika gələcəkdə genişmiqyaslı monitorinq proqramlarına inteqrasiya üçün tövsiyə edilir.